Xoşbəxtlik pulda deyil, amma onsuz da...

Xoşbəxtlik pulda deyil, amma onsuz da...

-- boşanmaların artması problemi

"Novoye Vremya" qəzetində "Xoşbəxtlik pulda deyil?..." sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif boşanmaların artması problemini gündəmə daşıyaraq səbəblərinə aydınlıq gətirməyə səy edir.
 
2016-cı ildə 13114, 2017-ci ildə 14514 boşanmanın qeydə alınması barədə rəsmi statistikaya istinadən müəllif ölkədə boşanmaların sürətlə artdığını bildirir.
 
Müəllifə görə, bu acınacaqlı statistikanı dünyada boşanmanın az qala dəb halına düşməsilə izah etmək istəyirlər, bununla belə Azərbaycanda boşanmaların öz xüsusiyyətləri var: "Məlumatlar göstərir ki, boşananların əksər hissəsi nikahda 5 ildən az olan gənc ailələrdir. 2016-cı ildə boşanmaların 50%-i övladları olmayan cütlərin payına düşüb. Bu mənada gənclərin sağlamlıqlarındakı probemlərlə bağlı uşaq dünyaya gətirə bilməmələri bugünkü ailələrin əsas problemlərindən biridir. Sonsuzluq problemini müəyyən müalicə prosedurları ilə aradan qaldırmaq olar, amma bu, az pul demək deyil və gənclərin buna imkanları varmı?"
 
Müəllif deyir ki, digər tərəfdən, gənc ailələr ağır olan maddi vəziyyət səbəbindən uşaq dünyaya gətirmək məsələsində tələsmirlər.
 
Yazi müəllifi ekpertlərə istinadən deyir ki, gənc ailələrin dağılmasına ilkin səbəb valideynlərin "sonra sevərsən" fəlsəfəsi, hər hansı istək olmadan şəxsin qohumla evləndirilməsidir.
 
Boşanmaların artmasının səbəbləri siyahısında maddi vəziyyətin öndə yer aldığını deyən müəllif bunu ölkədə işsizliyin artması ilə əlaqələndirir: "Ölkədə iş tapmağın o qədər də asan olmadığı heç kəsə sirr deyil. Üstəlik, ali təhsilli olmaq da iş tapmağın, normal maaşla təmin olunmağın zəmanəti ola bilmir. Bütün bunlar gənclərin ailə qurmaq, valideyn olmaq istəklərini əngəlləyir".
 
Müəllif bunu da xüsusi olaraq vurğulayır ki, ölkədə məhz gənclər arasında işsizlik səviyyəsi çox yüksəkdir, bu isə gənclərin mənzil probleminin həlli yolunda ən böyük maneədir.
 
Ölkədə orta aylıq maaşın az olduğunu deyən müəllif bu maaşa hətta ev almağı arzulamağın belə yeri olmadığını, ipotekaya gəlincə isə bunu yaxşı gəliri olan şəxslərin özünə rəva bildiyini söyləyir.
 
Ailənin dağılması səbəblərini davam etdirən müəllif deyir ki, ailə zorakılığı, ailə xəyanəti, gənclər arasında alkoqolizm və narkomaniyanın yayılması da ailələrin dağılmasında az rol oynamır.
 
Müəllifə görə, "iki könül sevincə samanlıq da seyran olur" mənəvi fəlsəfəsi indi həyatın dəfələrlə çətinləşdiyi, həyat səviyyəsinə tələblərin artdığı bir dövrdə ailə bağlarını möhkəmlədə bilmir: "Bəli, deyirlər ki, xoşbəxtlik pulda deyil, amma xoşbəxtliyi, xüsusilə, ailə xoşbəxtliyini pulsuz qurmaq da mümkün deyil".(contact.az)
 

Google+ WhatsApp ok.ru