İxrac bazarının Rusiya asılılığı

İxrac bazarının Rusiya asılılığı

-- Azərbaycan aqrar ixracda Rusiyadan asılıdır

"Yeni Müsavat" qəzetində "Azərbaycan aqrar ixracda Rusiyadan asılıdır" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Azərbaycan aqrar ixracının Rusiyadan asılı olması müzakirə mövzusudur və müəllif müzakirni ekspert Rəşad Həsənovla aparır.
 
Bu məsələnin müzakirə mövzusu olmasına səbəb isə Dünya Bankının təmsilçisi Culian Lampiettinin Azərbaycan aqrar ixrac məhsullarının 77%-nin Rusiyaya göndərilməsini, bunun isə ixracın bir bazardan asılı olmasını, yeni bazarlar axtarışının lazım gəldiyini söyləməsidir.
 
Ekspert deyir ki, şaxələndirilmənin əsas məqsədi mərkəzləşdirilmiş problemlərdən asılılığın aradan qaldırılmasıdır.
 
R.Həsənov Azərbaycan qeyri-neft ixracının daha çox MDB ölkələrinə yönəldiyini deyir və vurğulayır ki, bu sahədə müəyyən layihələrin icrasına, maliyyə dəstəyinə baxmayaraq, hələ bu istiqamətdə nəticələr əldə etmək mümkün olmayıb: "İxracatda asılılığın yaratdığı əsas problemlərdən biri bundan ibarətdir ki, azərbaycanlı fermer, onun istehsal etdiyi məhsul dedikdə ilk növbədə kənd təsərrüfatı məhsulları nəzərdə tutulur. Kənd təsərrüfatı isə çox riskli bir sahədir".
 
Ekspert vurğulayır ki, elə riskli sahə olduğu üçün belə ixracı etibarsız tərəfdaş üzərində qurmaq olmaz ki, bunlardan biri də Rusiyadır və bu hallarla bağlı R.Həsənov yaxın keçmişdə Azərbaycandan Rusiyaya ixrac olması, sərhəddə malların buraxılmaması, məhsulların zay olması kimi hadisələri göstərib:"Biz bu etibarsızlığı 2015-ci ildə Türkiyə ilə yaranan vəziyyətdə açıq gördük. Bu iki ölkə arasında yaranan gərginlikdən əsas zərər çəkən sahibkarlar oldu. Rusiya kimi bir nəfərin iradəsi daxilində fəaliyyət göstərən idarəetmə sistemlərində siyasi gərginliyin iqtisadi sferaya keçməsi sürətli xarakter daşıyır".
 
Ekspert xatırladır ki, Azərbaycanda qısa zamanda 50-dək iri aqroparkın yaradılması nəzərdə tutulur, bu, tezliklə aqrar istehsalın sürətli artımı deməkdir. Bu halda ixrac coğrafiyası mütləq genişlənməlidir: "Son vaxtlar ayrı-ayrı ölkələrə ixrac missiyaları təşkil olunur, ticarət evləri açılır, amma faktiki olaraq strukturda ciddi dəyişikliklər baş vermir".
 
Ekspert hesab edir ki, Azərbaycan qeyri-neft məhsulları daha təbii üsullarla yetişdirildiyi üçün dayanıqlı, minimum riskli bazarlar baxımından Körfəz ölkələrinə, Asiya və Avropa bazarlarına istiqamətlənmək lazımdır.
 
Azərbaycanın MDB ölkələrindən idxal asılılığına gəlincə, R.Həsənov buna səbəb kimi son illərdə neftin dünya bazarında qiymətinin kəskin düşməsini, əhalinin alıcılıq qabiliyyətinin azalmasını, bundan da irəli gələrək, MDB kimi ucuz məhsullar bazarına üz tutulmasını göstərir.
 
Amma ekspert deyir ki, taxıl, dərman vasitələri kimi strateji məhsulların idxalında bir ölkədən asılılığın yaranmasına yol vermək olmaz, çünki belə məhsulların idxalı şaxələnmədikdə Azərbaycana təzyiq vasitəsinə dönəcək.
 
 

Google+ WhatsApp ok.ru