Xronikləşməkdə olan bank böhranı

Xronikləşməkdə olan bank böhranı

-- Banklar yüksək faizlə kredit vermək tamahkarlığı ilə özlərini `dalan`a salıblar...

"Novoye Vremya" qəzetində isə diqqəti "Bank böhranı xroniki forma alır" sərlövhəli məqalə cəlb edir.
 
Müəllif ölkənin bank sektorundakı böhranın hələ də davam etdiyini deyir və vətəndaşlarla banklar arasında ən ciddi problemin "problemli kreditlər" olduğunu bildirir.
 
Müəllifə görə, vaxtilə əmanətləri əhalidən aşağı faizlə alan, amma yüksək faizlə kredit verən banklar bilməli idilər ki, bu hal bir gün bumeranq kimi onların özlərini vuracaq və indi bank sektorunda baş verənlər həmin "həqiqət anı"dır: "Kreditlərin çox yüksək faizlə verilməsi, həm problemli kreditlərin artmasının, elə bundan da irəli gələrək bütünlükdə bank sistemi böhranının hələ də davam etməsinin əsas səbəbidir".
 
Müəllif bu məsələnin aprelin 3-də Mili Məclisin iclasında da müzakirə olunduğunu deyərək deputatları banklar kreditləri yüksək faizlə verdikdə qaldırmadıqlarına görə qınayır.
 
Bununla yanaşı müəllif bu ilin mart ayında Nazirlər Kabinetinin pralamentə hesabatında bu problemə yer verilmədiyini vurğulayır: "Bu hesabata görə, sanki ölkədə bütün bank problemləri, çətinliklər aradan qaldırılıb, amma deputatların tənqidləri bunun əksini sübut edir".
 
Müəllif deputatların "problemli kreditlər" məsələsini parlamentə hesabat zamanı qaldırmadıqlarına diqqət çəkir: "Əgər bu problem həllini tapmamışdısa, o zaman niyə Nazirlər Kabineti hesabat verərkən bu məsələ qaldırılmadı, bundan sonra problemli kreditlər haqqında danışmaq mənasız görünür, bu məsələ deputatları narahat etmir, sadəcə, gəlişi gözəl söz söyləmək üçündür".
 
Müəllifə görə, bank böhranı ölkədə getdikcə xroniki xarakter almağa başlayır, ölkənin maliyyə institutları buna qarşılıq verə, banklar isə dövlətdən umduqları maliyyə dəstəyini ala bilmirlər.
 
Digər tərəfdən isə müəllif banklara dövlət dəstəyi verilməsini də doğru saymır və bildirir ki, Azərbaycan Beynəlxalq Bankının xilas edilməsi dövlətə baha başa gəlib, amma bu bankdan hələ də dövlətə fayda yoxdur.
 
Bu təcrübədən irəli gələrək müəllif dövlət vəsaitlərini kommersiya banklarının xilas olunmasına cəlb etmək səylərini əsassız sayır.
 
Müəllif deyir ki, Azərbaycanda bankların əksəriyyəti özəl banklardır və bu banklar əmanətləri az faizlə almaq simicliyi, yüksək faizlə kredit vermək tamahkarlığı ilə özlərini "dalan"a salıblar və elə özləri də bu dalandan çıxmağı bacarmalıdırlar.
 

Google+ WhatsApp ok.ru