Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlar məcburi qaydada işlə təmin olunacaq

Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlar məcburi qaydada işlə təmin olunacaq

-- Qanun layihəsi 8 fəsil, 40 maddədən ibarətdir

Bu məsələ yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsində əksini tapıb
 
 Əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə, idarə və təşkilatlarda kvota müəyyən ediləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsində əksini tapıb.
 
Qanun layihəsinin 22-ci maddəsində (Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi) bildirilir ki, "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə, idarə və təşkilatlarda kvota müəyyən edilir.
 
Kvota müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə işə qəbul edilirlər. İşə düzəlmək üçün əlilliyi olan şəxslərə verilmiş göndəriş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlar tərəfindən qəbul edilməlidir.
 
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyırlar.
 
Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 7-də keçirilən iclasında yeni hazırlanan "Əlil olan şəxslərin hüquqları haqqında" qanun layihəsi ilə bağlı dinləmələr keçirilib. Bundan öncə, yanvarın 25-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi müzakirə edilib. Bu məsələ Milli Məclisin plenar iclasında müzakirə ediləcək. Qanun layihəsi 8 fəsil, 40 maddədən ibarətdir.

Google+ WhatsApp ok.ru