Yəmən Hərbi Hava Qüvvələri Komandanlığı Husiler tərəfindən mühasirə edilib

Yəməndə Husi Ənsarullah Hərəkatının ölkəyə nəzarət etmək səyləri davam edir. Paytaxt Sanadaki Hava Qüvvələri Komandanlığı tədris korpusuna daxil olan Husilər hərbi qulluqçuların ofisə daxil olmasının qarşısını alıb.
 
Maide.az xəbər verir ki, adının açıqlanmasını istəməyən hərbi mənbədən verilən məlumatlara görə, Husilər Yəmən Hərbi Hava Qüvvələri binasında xidmət edən kapitan pilot Raşid Əl-Cənadın da ofisə daxil olmasına icazə verməyiblər. 
 
Husilərin komandanlıq ətrafındakı fəallığının davam etdiyi bildirilir. 
 
Xatırladaq ki, uzun müddətdir siyasi qarşıdurmaların davam etdiyi Yəməndə, prezident Abdurabbu Mansur Hadinin müşaviri Əhməd Avad bin Mübarəkin 17 yanvarda oğurlanması ilə artan gərginlik Husilərin Prezident Sarayı ilə Hadinin evinə hücumla pik həddinə çatmışdı.
 
Daha sonra tərəflər arasında razılıq əldə olunsa da, Xalid Mahfuz Bahhahın rəhbərlik etdiyi hökumət, "Husi Ənsarullah Hərəkatının hakimiyyətə müdaxilə etdiyi və əldə olunan müqavilələrə riayət etmədiyi" və sair səbəblərdən istefasını Prezident Hadiyə təqdim etmişdi. Hadi də bu hadisədən qısa müddət sonra istefa vermiş, Məclis sədri Yəhya Əli ər-Rai isə Hadinin istefasını rədd edərək, parlamenti fövqəladə iclasa çağırmışdı.

Google+ WhatsApp ok.ru