YƏQİN MƏQAMI VƏ ONUN MƏRTƏBƏLƏRİ

YƏQİN MƏQAMI VƏ ONUN MƏRTƏBƏLƏRİ

-- Yəqinin üç mərtəbəsi var

Yəqin zavala uğramayacaq sabit, həqiqətə uyğun bir etiqad olub insanın rahatlığının mayasını təşkil edir. Şübhəsiz, yəqin adi mərifət və inamdan üstündür, az insanın çatdığı ən şərəfli, ən dəyərli insani fəzilətdir. Elə böyük bir sərmayədir ki, ona çatan hər kəs böyük səadətə nail olur. Yəqin məqamına çatmış şəxs Allahdan qeyrisinə diqqət yetirmir, ancaq Allaha təvəkkül edir, Ondan başqasını təsir mənbəyi hesab etmir. Həqiqətdə, yəqin İslam, iman və təqvadan sonra hasil olur. İmam Rza (ə) buyurur: “İman İslamdan bir pillə yuxarıdır, təqva imandan bir pillə yüksəkdir, yəqin də bir pillə təqvadan yuxarıdır. Allah bəndələri arasında yəqindən daha az bir şey bölünüb paylanmamışdır. (“Üsuli-kafi”, c.3, səh.87.)

İmam Sadiq (ə) buyurur: “Peyğəmbər (s) sübh namazını camaatla qıldıqdan sonra gözü məscidin bir kənarında oturub mürgüləyən gənc bir oğlana sataşdı. Onun rəngi saralmış, gözləri arıqlıqdan çuxura düşmüşdü. Peyğəmbər (s) yaxına gedib dedi: “Ey gənc, səhərə necə çıxdın?”

Gənc oğlan dedi: “Ey Allahın Rəsulu, yəqinə çatmış bir halda!”

Peyğəmbər (s) onun sözlərindən təəccüblənib buyurdu: “Hər yəqinin bir əlaməti var, sənin yəqininin əlaməti nədir?”

Ərz etdi: “Ya Peyğəmbər! Yəqinimin əlaməti məni qəmgin edir, gecələri (ibadət üçün) oyaq saxlayır, gündüzləri (oruc üçün) susuzluğa vadar edir və həyatın matahına rəğbətsiz olmuşam. Sanki Allahın ərşi hesab-kitab üçün hazır durmuş, camaat sorğu-suala məhşər ayağına çəkilirlər və mən də onların arasındayam. Gözlərim önündə nemətlərə qərq olmuş behişt əhlini görürəm: Onlar bir-birilə hal-əhval tutur, taxtlara söykənərək dövrə vurub oturmuşlar. Əzab çəkən cəhənnəm əhlini də görürəm: “Onlar əzabın şiddətindən nalə edir, kömək istəyirlər. Sanki qulaqlarımda cəhənnəmin tükürpədici səsi əks-səda verir.”

Peyğəmbər (s) üzünü səhabələrinə tutub dedi: “Allah bu bəndənin qəlbini imanla işıqlandırmışdır.” Sonra gənc oğlana buyurdu: “Bu halında sabit ol və onu əldən vermə!”

Gənc oğlan dedi: “Ey Allahın Rəsulu! Allaha dua et ki, mənə Öz yolunda, sənin kənarında şəhadətə yetməyi nəsib etsin.”

Peyğəmbər (s) ona dua edir və çox keçmir ki, müharibələrin birində Peyğəmbərin (s) yanında döyüşməli olur və doqquz nəfərdən sonra şəhadətə yetir və onuncu şəhid olur.

Yəqinin üç mərtəbəsi var: 1. elmül-yəqin; 2. eynül-yəqin; 3. həqqül-yəqin.

Quranda yəqinin hər üç mərtəbəsində söz açılır:

كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ. لَتَرَوُنَّ الْجَحِيمَ. ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ الْيَقِينِ

“Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani dünya malına uymazdınız)! (Ey müşriklər! Qiyamət günü) siz o cəhənnəmi mütləq görəcəksiniz. Bəli, siz onu mütləq öz gözünüzlə görəcəksiniz!” (“Təkasur” surəsi, ayə 5-7.)

وَإِنَّهُ لَحَقُّ الْيَقِينِ. فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ

Doğrudan da, bu (Quran) gerçək bir həqiqətdir. Elə isə (ya Peyğəmbər,) sən ulu Rəbbinin adını təsbih (müqəddəs tutub həmd-səna ilə zikr) et!” (“Haqqə” surəsi, ayə 51-52.)

(“Vaqiə” surəsinin 95-ci ayəsində də “həqqül-yəqin”dən söz açılır.)

1. Elmül-yəqin sabit etiqad və həqiqətə uyğun yəqindən ibarətdir və lazımi vəsaitlərin dəlili yolu ilə hasil olur. Məsələn, alovun tüstüsünü görməklə onun vücuduna yəqin hasil etmək kimi. Yəni biz tüstünü müşahidə etməklə atəşin də olduğunu təsdiqləyir və yəqin olaraq, onun var olduğunu deyirik. (“Camius-səadat”, c.1, səh.124.)

Quranda buyurulur: “Onun (Quranın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində göstərəcəyik. (Ya Peyğəmbər!) Məgər Rəbbinin hər işə sahib olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!” (“Fussilət” surəsi, ayə 53.) Bu ayədə “afaqi” və “ənfusi” nişanələr yolu ilə Allahın varlığına dəlil gətirilmişdir.

2. Eynül-yəqin: görmək, müşahidə etmək  yolu ilə (bəsirət gözü ilə)əldə edilən etiqaddır. Bu görüş (görmək) adi gözlə aydın və təmiz mühitdə görməkdən daha güclüdür. Yəqinin bu mərtəbəsinə işarə olaraq, Şeyx Səduqun “Tövhid” əsərində yazılır: “Kitab əhlindən bir nəfər alim, imam Əlinin (ə) yanına gəlib dedi: “Ey Əmirəlmöminin! Heç ibadət vaxtı Allahınızı gördünüzmü?” Cavabında buyurdu: “Mən görmədiyim Allaha ibadət etmərəm.” Həmin alim dedi: “Allahı necə gördünüz?” İmam Əli (ə) buyurdu: “Gözlər öz müşahidəsi ilə Onu dərk etməzlər (Allah zahiri gözlə görünməz.) Onu ancaq həqiqi və sarsılmaz imanla dolu qəlblər (bəsirət gözü ilə) görə bilər!” (“Töhidi-Səduq”, səh.109.)

3. Həqqül-yəqin: nəzərdə tutulan bir şeyin özünə varıb, onunla həqiqi əlaqə yaratmaqla əldə edilən qəti ediqaddır. Belə ki, yəqin sahibi öz bəsirət gözü ilə Onun tərəfindən gələn nuru (ilahi feyzləri) müşahidə edir. Yəqinin bu mərtəbəsinə çatmağın nəticəsi “fəna-fillah”dır – Allahda əriyib məhv olmaq, Onun eşqində yoğrulmaqdır. Bu dərəcəyə çatan insan özündə bir müstəqillik görmür. (“Camius-səadat”, c.1, səh.124.) “Hədisi-qüdsi”də deyilir: Mən bəndəmi sevdiyim zaman onun eşidən qulağı, görən gözü, danışan ağzı, tutan əli olaram.” (“Üsuli-kafi”, c.3, səh.54.)

İmam Səccad (ə) Əbu Həmzə Sumali adlı duada deyir: “İlahi, qəlbimə hopacaq bir iman istəyirəm Səndən. Məni elə bir sadiq yəqinə vardır ki, bilim ki, Sənin mənim üçün yazdığın (qismət olacaq) şeydən başqa, heç nə mənə yetişmir. Mənə nəsib etdiyin şeylərə (bu həyata) görə məni (Özündən) razı et, ey rəhmlilərin ən rəhmlisi!”

İman, Allahdan həqiqi, sabit, yəqin dərəcəsinə çatmış bir iman istəyir. Həqiqətdə, imanın son həddini tələb edir. Çünki onun ardınca bu ifadəni işlədir: “Sadiq yəqin”; imamın Allahdan istədiyi sadiq yəqin ilahi inayətlərin ən üstünü və mühümmüdür. “Sadiq yəqin” və “həqqül-yəqin”in sayəsində insan elə bir qəlbi etiqad əldə edir ki, Allahdan başqa heç bir qüdrət sahibini aləmdə hökmran bilmir, bütün işlərin Allahın müqəddəs zatına söykəndiyini görür, özünü hər zaman Allahın hüzurunda hiss edir, özünə göz qoyur ki, Allahın meylinin xilafına bir iş tutmasın.

Rəvayətlərdə yəqin mərtəbəsi Allahın ən böyük nemətlərindən biri kimi yad edilir. İmam Riza (ə) buyurur ki, insanlar arasında heç bir şey yəqin qədər az bölünməmişdir, yəni yəqin mərtəbəsinə çatanlar çox azdır. (“Tuşeye-axirət” – Axirət azuqəsi, 2-ci cild, Ayətullah Misbah Yəzdi, səh. 274-277.)

(Maide.az)

Google+ WhatsApp ok.ru