Yəmənin eks-prezidenti geri çəkildi - Husilərlə barışıq üçün Seyid Həsən Nəsrullahdan yardım istənildi

Yəmənin eks-prezidenti geri çəkildi - Husilərlə barışıq üçün Seyid Həsən Nəsrullahdan yardım istənildi

-- Abdullah Salehin bu addımı çevriliş və xəyanət olaraq qiymətləndirilib

Yəmənin "Ənsarullah" hərəkatının paytaxt Sənada və digər qarşıdurmalar yaşanan şəhərlərdə hökumət binalarına nəzarəti ələ keçirməsindən sonra ölkənin eks-prezidenti Əli Abdullah Salehin rəhbəri olduğu Xalq Konqresi Partiyası geri addım atmağa məcbur olub. 

Xalq Konqresi Partiyasından verilən açıqlamada, "Ənsarullah" hərəkatı ilə düşmən və hədəflərin eyni olduğu qeyd edilib. Səudiyyə mediası açıqlama verilən sosial şəbəkə hesablarının ələ keçirildiyini bildirsə də, buna cavab olaraq eyni rəsmi hesablardan açıqlamanın doğru olduğu bildirilib. 

Əli Abdullah Salehin partiyasının liderlərindən olan Yəhya əl-Abid "Al-Mayadeen" televiziyasına verdiyi açıqlamada Husilərlə münasibətlərin düzəldilməsi üçün "Hizbullah" lideri Seyid Həsən Nəsrullahdan yardım istəyib.   

Yəmən ordusunun briqada generalı Əşrəf Loğman isə hazırda Sənada nəzarətin ələ alındığını və sabitliyin bərqərar olduğunu açıqlayıb.   

Xatırladaq ki, Yəmənin eks-prezidenti Əli Abdullah Saleh Husilərlə ittifaqın pozulduğunu elan edərək Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Yəmənə təcavüz koalisiyasına münasibətlərdə "yeni səhifə"nin yaradılmasını təklif edib. 

"Ənsarullah" hərəkatının rəhbəri Əbdülməlik əl-Husi isə Əli Abdullah Salehin bu addımını çevriliş və xəyanət olaraq qiymətləndirib. Yəmənin "Ənsarullah" hərəkatının mətbuat katibi Səudiyyə Ərəbistanının ölkənin eks-prezidenti Əli Abdullah Salehin dəstəyi ilə bu ölkədə çevriliş etməyə çalışdığını bildirib.   

"Ənsarullah" hərəkatının mətbuat katibi Məhəmməd Əbdüssəlam Sənadakı hadisələrə münasibət bildirərək, "Təhlükəsizlik qüvvələri tayfaların köməyi ilə Əli Abdullah Salehin rəhbərlik etdiyi Yəmən Milli Konqresinə mənsub qüvvələrin paytaxtda ələ keçirdikləri nöqtələri geri alıb" , - deyə açıqlama verib.

Hazırda paytaxt Sənada təhlükəsizliyin hakim olduğunu və dövlət orqanlarının rəsmi qurumlarının nəzarət altında olduğunu açıqlayan Əbdüssəlam, "Yəmən xalqı Saleh havadarlarının etiraz aksiyası keçirilməsi istiqamətindəki tələblərinə müsbət cavab verməyib" , - deyə söyləyib. 

 Digər tərəfdən "Ənsarullah" hərəkatının lideri Əldüməlik əl-Husi dünən canlı yayımla etdiyi çıxışlarında Əli Abdullah Salehin xalq müqavimətinə xəyanət etdiyini dilə gətirərək, onun rəhbərlik etdiyi Xalq Konqresi Partiyasının üzvlərini təmkinli olmağa və fitnə-fəsadlara uymamağa səsləyib.    Ölkədəki digər partiyalar da Əli Abdullah Salehi 2015-ci ildən bəri ittifaqda olduğu müqavimətə xəyanətdə ittiham edib. (eastnews)

 

Google+ WhatsApp ok.ru