Yaddaşımız bizi necə çaş-baş qoyur?

Yaddaşımız bizi necə çaş-baş qoyur?

Çoxumuz yaddaşın bu aldadıcı xüsusiyyətinə göz yumuruq. Halbuki o hər gün bizimlə maraqlı oyunlar oynayır.
 
 1) Uşaqlığın ilk illərini xatırlamaq mümkün deyilsə, bir çox insan niyə bunun əksini iddia edir?
 
Salvador Dali anasının bətnində olduğu dövrü belə xatırladığını iddia edirdi. Halbuki onun xatırladıqları xəyal dünyasından qaynaqlanırdı.
 
Alimlər doğuşdan əvvəlki vaxt bir yana qalsın, doğuşdan sonrakı ilk bir neçə ili xatırlamağın mümkün olmadığını söyləyirlər.
 
Körpələrdə yaddaş üçün beyində zəruri strukturlar hələ yetkin olmur. Buna görə bu yaşdakı xatirələri fizioloji cəhətdən yadda saxlamaq mümkün deyil.
 
O dövrə aid olduğu hesab edilən xatirələr əslində həyatımızın daha gələcək illərindəki digər təcrübələrdən və ya məlumatlardan formalaşan "saxta xatirələrdir".
 
2) Yaddaş və bədən temperaturu arasında hansı əlaqə var?
 
Psixoloqlar insan yaddaşının kontekstdə işlədiyini söyləyirlər. Bunun nə demək olduğunu nümunə üzərində izah etməyə çalışaq.
 
Sınaqlar vaxtı bir qrupdan xahiş olunur ki, onlar əllərini buzla dolu bir qaba salaraq müəyyən siyahını əzbərləsinlər.
 
Müşahidələr göstərib ki, həmin qrup üzvləri əllərini yenidən buzlu suya salanda əzbərlədikləri mətni daha yaxşı xatırlayırlar.
 
Araşdırma göstərir ki, müəyyən bir mühitdə yaddaşa əlavə edilən məlumat, daha sonra oxşar bir mühit yarandığında daha yaxşı xatırlanır.
 
Sərxoş olan gün baş verənlər yaddan çıxa bilər. Lakin ertəsi gün bir neçə qədəhdən sonra hadisələr yada düşə bilər.
 
Yaddaşın bu şəkildə işləməsi yeni bir şey öyrənməyə çalışarkən üstünlük ola bilər.
 
Məsələn, dərs eləyən zaman saqqız çeynənir və ya qəhvə içilirsə, imtahan vaxtı da eyni şeyi etməklə daha çox şey xatırlanacaqdır.
 
Qoxular da xatirələri calandıra bilər.
 
İmtahana hazırlaşarkən hansısa bir ətirdən istifadə olunubsa, eyni ətirin qoxusu imtahan zamanı da xatırlamanı asanlaşdırır.
 
3) Hadisələrin tarixini niyə düzgün xatırlaya bilmirik?
 
Aşağıdakı hadisələrin baş verdiyi ayı və ili xatırlamağa çalışaq:
 
a) Michael Jackson-un ölümü
 
b) Beyonce-in "Lemonade" adlı albomunun təqdimatı
 
c) "La La Land"la bağlı Oscar mükafatı çaşqınlığı
 
d) Angela Merkel-in 2021-ci ildə Almaniyada kansler postunu tərk edəcəyi barədə bəyanat verib
 
Araşdırmalar göstərir ki, biz uzaq keçmişdə baş verən hadisədən keçən vaxtın daha az olduğunu güman edirik. Eynilə yaxınlarda baş vermiş olaydan nisbətən daha çox vaxt keçdiyini düşünürük.
 
Məsələn Michael Jackson-un ölümündən xeyli vaxt keçdiyini düşünə bilmirik, onun daha yaxınlarda olduğunu təxmin edirik.
 
Daha yaxın hadisələrlə bağlı isə tam əks bir vəziyyətdir. Onları hadisənin üstündən daha çox vaxt keçmiş kimi hiss edirik.
 
Bu hal "teleskop effekti" və ya "müvəqqəti sürüşdürmə" olaraq tanınır və yaddaşda qalan hadisələrin həqiqi xronologiyaya uyğun olmaması deməkdir.
 
Yuxarıdakı sualların düzgün cavabları: a) İyun 2009, b) Aprel 2016, Fevral 2017, d) Oktyabr 2018
 
4) Təfərrüatları xatırlamamağın nə faydası ola bilər?
 
Ən yaxın dostunuzu təsəvvür etdiyiniz kimi çəkməyə çalışın. Və yaxud da şəklə baxmadan onları təsvir edin.
 
Siz ümumi bir çox xüsusiyyətləri ortaya qoya bilərsiniz. Amma iş xırdalıqlara gəldikdə, bəzən göz rəngi kimi əsas bir xüsusiyyəti belə xatırlamaq çətin olur.
 
İncə xırdalıqlardan başqa bir şeyi ümumi cizgilər ilə xatırlamağın üstünlükləri də vardır.
 
İnsan simasının bəzi xüsusiyyətləri gündən günə dəyişə bilər, amma ümumi cizgilər eyni qalır.
 
Məsələn, dostunuzu fərqli işıqlandırma və saç düzümünə rəğmən ümumi cizgilərdən tanıya bilərsiz.
 
Öz görünüşümüzlə bağlı yaddaşımız da həqiqi görünüşdən fərqlənir. Üzümüzü, reallıqda olduğundan daha cəlbedici xatırlamaq meylini göstəririk.
 
5) Yaddaşımıza çox etibar etmək niyə zərərli ola bilər?
 
Özünüzü təsvir etməyə cəhd etsəniz, həqiqətdə olduğundan daha çox xüsusiyyətinizi xatırlayacağınızı zənn edə bilərsiniz. Tədqiqatlara əsasən bir çox insan öz yaddaşının orta yaddaşdan daha güclü olduğunu düşünür.
 
Bu səbəbdən də yaddaşımızın vəziyyəti barədə düzgün mühakimə etdiyimizi düşünürük.
 
Bu mühakimə bir çox tələbə üçün əlverişsiz mövqe deməkdir.
 
Çünki onlar həddən artıq nikbindir, reallıqda olduğundan daha artıq şey öyrəndiklərini düşünürlər.
 
"Gələcəyə doğru yaddaş"- yəni gələcəkdə edilməsi planlaşdırılan şeyləri yadda saxlamaq xüsusiyyətimizə də çox etibar edirik.
 
Bunun maddi fəsadları var.
 
Misal üçün, bu zəiflikdən istifadə edərək bizə müəyyən müddətə ödənişsiz abunə xidməti təklif edilə bilər. Halbuki, bəziləri pulsuz dövr başa çatdığında onu ləğv etməyi unuda bilər.
 
6) Rəqəmsal amneziya yaşayacağıq?
 
Smartfonlar yaddaşımıza dəstək ola bilər. Yaşadığımız hadisələrlə bağlı sosial şəbəkələrdəki paylaşmalar bizim üçün yaxşı bir arxiv və xatırlatma funksiyasını görə bilər.
 
Lakin eynilə yaddaşımız baş verənlər barədə yanlış təsəvvür yaratmaq potensialına da malikdir.
 
Bunun bir səbəbi "xatırlama nəticəsində unudulma" adlı fenomendir.
 
Yaddaşdakı bəzi məlumat və hadisələri xatırladığımız anda onlar mülayim, kövrək vəziyyətə gəlir və əlaqədar xatirədə təhrif yaranır.
 
Bu, hadisənin müəyyən ünsürünü xatırlayanda həmin xırdalığı yaddaşda gücləndirərkən, fəal xatırlanmayan əlaqəli məlumatların yaddaşdan silinməsinə yol aça bilər.
 
Sosial mediadakı müəyyən paylaşma, misal üçün toyda çəkilmiş bir fotoya diqqətimizi cəlb edərkən o, günün digər hadisələrini unutmağımıza səbəb ola bilər.
 
Sosial mediada biz həqiqətdən fərqli təqdim oluna bilərik. Bu nəzərə alınsa vəziyyətin daha da müşkül olduğunu görmək olar. / bbc/ 
 
 

 

Google+ WhatsApp ok.ru