YALAN – GÜNAHLARIN MƏNŞƏYİ

YALAN – GÜNAHLARIN MƏNŞƏYİ

Hədislərə əsasən, düz danışmaq və doğruluq insanın əməllərini saflaşdırır, yalan isə onu günahlara çəkir. İmam Əli (ə) buyurur:

 اَلصِّدْقُ يَهْدِي اِلَى الْبِرِّ وَالْبِرُّ يَدْعُوا اِلَى الْجَنَّةِ

“Düz danışmaq (insanları) yaxşılığa yönəldir, yaxşılıq da behiştə çağırır.” (“Mişkatul-ənvar”, Təbərsi, səh.157.)

İmam Sadiq (ə) buyurur:

اِذا صَدَقَ الْعَبْدُ قالَ اللهُ: صَدَقَ وَ بَرَّ، وَ اِذا كَذِبَ قالَ اللهُ كَذَبَ وَ فَجَرَ

“Bəndə düz danışdıqda, Allah-Taala “O düz danışdı və yaxşı iş gördü!”, yalan danışdıqda isə “O, yalan danışdı və pis iş gördü!” – buyurar.” (“Mişkatul-ənvar”, Təbərsi, səh.156.)

İmam Həsən Əskəri (ə) buyurur:

جُعِلَت الْخَبائِثُ كُلُّها فِي بَيْتٍ وَ جُعِلَ مِفْتاحُها اَلْكِذْبُ

“Bütün çirkinliklər bir evdə toplanıb və açarı da yalandır.” (“Biharul-ənvar”, 72-ci cild, səh.263.)

Bu hədisdən aydın başa düşülür ki, yalan bütün günah və çirkinliklərin mənşəyidir. Aşağıda insanın əməlində düz danışmağın və yalanın təsirlərini qeyd edirik:

1. Yalan nifaq və ikiüzlülük əlamətidir. Düz danışıqda dil ilə qəlb uzlaşdığı halda, yalan isə onları qarşı-qarşıya qoyur. İnsanın zahiri ilə batini arasındakı fərq də elə buradan başlanır və yalan danışan yavaş-yavaş nifaqa doğru yönəlir. Qurani-Kərimdə bu həqiqət belə açıqlanır:

{فَأَعْقَبَهُمْ نِفَاقًا فِي قُلُوبِهِمْ إِلَى يَوْمِ يَلْقَوْنَهُ بِمَا أَخْلَفُواْ اللّهَ مَا وَعَدُوهُ وَبِمَا كَانُواْ يَكْذِبُونَ}

“Allaha verdikləri vədə xilaf çıxdıqlarına və yalan danışdıqlarına görə (bu əməl) onların ürəyinə Allaha qovuşacaqları günə (qiyamət gününə) qədər nifaq saldı.” (“Tövbə” surəsi, ayə 77.)

2. Yalan çox vaxt günahlar üçün bir vasitə olur. Məsələn, oğru, xain, möhtəkir, vəfasız və qorxaq adamlar yalan danışmasalar əl-ayaqları bağlanar, işləri keçməz.

3. Özündənrazı, paxıl, xəbərçi, dünyagir və tamahkar şəxslər məqsədlərinə çatmaq üçün, adətən, yalana əl atır və bununla qarşı tərəfi camaatın gözündə kiçildir, özlərini böyük və alicənab kimi göstərir, xalq arasında təfriqə salırlar.

4. Düz danışanlar və bu xislətin sahibləri, adətən, günahlardan qorunmağa çalışırlar. Həmişə əyri və günah işlərin aqibətini düşünərək bir zaman rüsvay olacaqlarından qorxub, günaha əl uzatmırlar. Bununla da həmin xislət onlarda bir növ sipərə çevrilir.

5. Yalanlar çox vaxt digər günahlara sövq edir. Çünki yalan danışan şəxs xilaf və çirkin işini yozmaq üçün başqa-başqa yalanlara, yaxud yalanının üstü açılmamaq üçün digər xilaf əməllərə də əl atır.

Bunlar göstərir ki, həmişə düz danışmağı özünə vəzifə bilən insan yalan vasitəsilə baş verən bir çox günahlardan uzaq olur. (“Əxlaq sayəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh.59-61.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru