YALANIN MƏNŞƏYİ

YALANIN MƏNŞƏYİ

 

Hər bir insan yalan söz eşitdiyi zaman narahat olur, bir növ, bu nalayiq rəftara nifrət hissini bildirir. Bu isə insanların pak fitrətinin bu xoşagəlməz rəftarla uzlaşmamasından irəli gəlir. Bəşər övladının pak fitrəti və təbiəti yalan məfhumuna qarşıdır və bu nalayiq rəftarın qarşısında müqavimət göstərməsi “əqli qəbahət” fenomenini yaradır. İmam Kazim (ə) Hişama xitabən buyurur:

يا هِشامُ اَلْعاقِلُ لا يَكذِبُ وَ اِنْ كانَ فيهِ هَواهُ

“Ey Hişam! Ağıllı adam nəfsi istəkləri yalana sürükləsə belə, heç vaxt yalan danışmaz.” (“Müstədrəkül-vəsail”, Mühəddis Nuri, 9-cu cild, səh.88, 10296-cı hədis.)

Pak fitrətini günahlara bulaşdırmayan insan övladının ağlı nəfsani istəklərə uymaz, onun tələsinə düşməz. Çünki pak təbiət yalanı sevmir.

Yalan öz-özlüyündə çox pis xarakter kimi nəfsani köklərdən qaynaqlanır və psixoloji zəifliyin nişanəsidir. Bəzən insanın yoxsulluğu kimlərinsə onun ətrafından dağılması, hər hansı məqam və mövqeni əldən verməsi qorxusu onu yalana vadar edir və bura mal-dövlət, məqam, vəzifə və mənafe hissləri də daxildir.

Bəzən şiddətli təəssübkeşlik, ifrat dərəcədə sevgi və məhəbbət insanı yalana sürükləyir; insan istədiyi kəsin xeyrinə, yaxud nifrət etdiyi kəsin zərərinə olaraq həqiqəti gizlədir.

Kin-küdurət və nifrət də yalana bais olur; başqalarının üstün xüsusiyyətləri imanı zəif insanda həsəd hissini oyadır və beləcə, kiməsə zərbə vurmaq niyyətilə onu yalan danışmağa vadar edir.

Həqiqətdə, yalana bais olan bu mənfi sifətlər daxili-ruhi acizlik və imanın zəifliyindən irəli gəlir. Özünə inanmayan ruhən zəif kəslər hər hansı məqsədə nail olmaq və ya zərərdən yaxa qurtarmaq üçün yalana və xəyanətə əl atırlar. Şücaətli, mətanətli və iradəli kəslər isə öz mənəvi qürurlarına sığınır, uğur və müvəffəqiyyətləri bunda görürlər. Allahın yenilməz qüdrət və qüvvəsinə kamil iman gətirənlər bütün nemət, bərəkət, uğur və müvəffəqiyyəti Onun tərəfindən bilir, Onun bütün qüdrətlərdən üstün olan himayəsinə arxalanaraq mənfəət əldə etmək, yaxud zərəri aradan qaldırmaq üçün yalana lüzum görmürlər.

Bəzən də yalanın pis təsirləri və doğruluğun əhəmiyyəti unudulduqda, yaxud ailə ocağını dağıdan və sağlam ictimai həyatı pozan mühit hakim kəsildikdə, insanda bu rəzil sifət kök atır.

Yalanın mənşəyi və batini köklərini araşdırdıqda, bu məsələni də nəzərdən qaçırmaq olmaz ki, yalançılarla oturub-duran, onlarla ünsiyyətdə olan insanın da bu xəstəliyə tutulması təbii bir haldır. Bəzən insan heç bir səbəb olmadan, sadəcə yalançı dost-tanışla oturub-durduğundan yalançılığa əl atır, bu adətə sahib olur.

Şübhəsiz, pis adətlərin çoxu keçici xəstəliklər kimi, müəyyən əlaqə və rabitələr vasitəsilə yaranır. Xüsusilə, azyaşlılıq, məlumatsızlıq, yaxud imanın zəifliyi və bu kimi halların nəticəsində başqalarının bir sıra mənfi xüsusiyyətlərinin keçməsinə zəmin yaranır ki, belə hallarda mütləq onlarla əlaqəni qırmaq lazımdır. Bəzən insanın taleyi belə əlaqə və gediş-gəlişlər nəticəsində alt-üst olur və həyatı tamamilə dəyişilir.

İnsan şəxsiyyətinin formalaşmasında ünsiyyət və əlaqələrinin təsiri o qədər böyükdür ki, hətta bəziləri belə demişlər: “İnsanı tanımaq üçün onun dostuna və kimlərlə oturub-durduğu şəxslərə baxmaq lazımdır.” İmam Əli (ə) buyurmuşdur:

مَنِ اشْتَبَهَ عَلَيْكُمْ اَمْرُهُ وَ لَمْ تَعْرِفُوا دِينَهُ فَانْظرُوا اِلى خُلَطائِهِ

“Vəziyyətinin naməlum və dini-imanını tanımadığınız kəsin dostlarına baxın (və bununla da onu tanıyın).” (“Kafi”, Şeyx Kuleyni, 2-ci cild, səh.375.)

 

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

اَلْمَرْءُ عَلى دِينِ خَلِيلِهِ وَقَرِينِهِ

İnsan dostu və yoldaşının dinindədir (və yaxud insanın dost və yoldaşı ilə dini tanınır).” (“Biharul-ənvar”, 2-ci cild, səh.128.)

 

Pis adamlarla yoldaşlıq müsbət hiss və duyğuları öldürür, insanda bədbinlik hissini oyadır, onu ətrafdakılara qarşı bədbin edir və yalan kimi çirkin əməlləri qəbahətsiz göstərir.

 

Rza Şükürlü

Google+ WhatsApp ok.ru