Yalçın İmanov cəza qərarını ala bilmir

Yalçın İmanov cəza qərarını ala bilmir

-- Məhkəmə prosesinin fevral ayında baş tutacağını gözləyirəm

Vəkillik fəaliyyəti dayandırılan hüquqşünas Yalçın İmanov Novator.az-a danışıb.
 
Maide.Az  "Novator.az"  saytına istinadən xəbər verir ki, 2017-ci il noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Yalçın İmanovun vəkillikdən uzaqlaşdırılması üçün məhkəməyə müraciət qərarı qəbul edib. Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.
 
Rəyasət Heyəti qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında qəbul etdiyini bəyan edib. Penitensiar Xidmətin şikayətində bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.
 
Yanvarın 26-da Yalçın İmanov Novator.az-a deyib ki, dəfələrlə Vəkillər Kollegiyasından Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının surətini istəsə də, sənəd ona təqdim edilməyib: “Məni qanunvericiliyin hansı müddəasını, hansı normanı pozduğum üçün cəzalandırırlar, bilmirəm. Bircə iclasın protokolundan çıxarışı almışam. Orada isə həmin informasiya yoxdur.
 
Məhkəmə prosesinin fevral ayında baş tutacağını gözləyirəm. Mən işin ölkə instansiyalarında sürətlə yekunlaşmasını istəyirəm ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edim. Bizim məhkəmələrdə ədalətli qərar çıxarılacağına heç bir inamım yoxdur”.
 

Google+ WhatsApp ok.ru