Yanan bina işində hökm oxundu

Yanan bina işində hökm oxundu

Azadlıq prospektində 15 nəfərin öldüyü bina yanğını ilə bağlı yarımildən çox sürən məhkəmə başa çatdı. Yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində həmin olaya görə cinayət məsuliyyətinə cəlb edilmiş 8 nəfərə hökm oxundu.
 
Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasının hökmü ilə təqsirləndirilən şəxslərdən yanan binanı üzləmiş «Global Construction» və poliuretan üzlükləri buraxmış «Global Stone» şirkətlərinin təsisçisi Miryusif Mahmudov 8 il, «Global Stone» MMC-nin baş direktoru olmuş Uğur Bəşirov 5 il, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətinin təsərrüfat şöbəsinin keçmiş müdiri Ədalət Rəcəbov və «Global Stone»un keçmiş sədr müavini Ələkbər Əsgərovun hər biri 4 il, binanın yerləşdiyi ərazi üzrə 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov 3 il 6 ay həbs cəzası alıb.
 
Təqsirləndirilən şəxslərdən iki nəfərə - «Dərnəgül Boru Zavodu» QSC-nin sınaq laboratoriyasında müqavilə əsasında işləmiş, BDU-nun müəllimi Ağacavad Məmmədov və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyova şərti cəza verilib. Onlar ibtidai istintaq və məhkəmə dövründə də həbsdə olmayıblar.
 
Təqsirləndirilən şəxslər və onların vəkilləri hökmdən narazı qalıblar, onlar apellyasiya şikayəti verəcəklərini bildiriblər.
 
Bakının Binəqədi rayonunda 2015-ci il mayın 19-da baş verən bina yanğını ilə əlaqədar məhkəmə önünə çıxarılanlar Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham olunublar.
 

Google+ WhatsApp ok.ru