Yağışın bitməyən problemi...

Yağışın bitməyən problemi...

"Novoye Vremya" qəzetində "Necə SOS harayı salmayasan" sərlövhəli yazı oxumaq olar.
 
Yazıda bildirilir ki, artıq bir neçə gündür ölkədə qeyri-sabit hava davam edir. Bu, ilk gündən Sumqayıt şəhərində, Masazır və Saray qəsəbələrində elektrik enerjisi təminatında problemlər yaradıb.
 
Müəllif yazır ki, hələ intensiv yağışlar başlamamış, soyuqlar düşməmiş belə problemin olması ciddi narahatlıq yaradır:
"Artıq üzü qışa gedilir, intensiv yağışlar olacaq, qar yağması və güclü küləklər olması gözardı edilməməlidir. Şəhər kommunal təsərrüfatının isə qışa nə dərəcədə hazır olduğu məlum deyil. Amma hər payızda bu qurumlar qışa tam hazır olmaları haqda bəyanatlar verirlər".
 
Yazıda vurğulanır ki, elə ki, havalar pisləşir, o zaman qışa hazırlıqla bağlı vədlərin boş söz olduğu məlum olur.
 
Müəllif bildirir ki, bu sahənin yüksəksəviyyəli məmurları medianın bu problemlər barədə yazmasından narazılıq ifadə edirlər. Yazıda qeyd edildiyinə görə, onlar deyirlər ki, Avropanın, Qərbin şəhərlərində də subasmalar, qasırğalar olur, amma onların mediası SOS siqnalı vermir.
 
Müəllif yazır ki, adları çəkilən Qərb ölkələri təbii fəlakətlərin qarşısını ala bilmir, amma onların fəsadlarını qısa müddətdə aradan qaldırırlar. Azərbaycanda isə azacıq yağış problemə dönür:
"Bizdə bir az yağan yağış və ya düşən qar çoxsaylı problemlərə səbəb olur. Bu halda SOS siqnalı verməmək olmur. Əgər azacıq yağış şəhər sakinlərinə bu qədər narahatlıq yaradırsa, deməli, şəhər kommunal xidmətləri bu problemləri yaradan səbəbləri daha tez aradan qaldırmağı bacarmalıdırlar". /

Google+ WhatsApp ok.ru