YAP-çı işdən qovuldu və hədələndi - `Adamın boğazını üzərlər`

Şərqiyyə Hümbətova: “Günahım olsaydı, çoxdan cəzamı alardım”

Fəridə Allahverdiyeva: “Adamın boğazını üzərlər. Onun basıb, gözünü çıxararam”
 
Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsində məsləhətçi vəzifəsində çalışan YAP üzvü Şahin Məmmədov korrupsiya əleyhinə çıxdığı üçün vəzifəsindən azad olunub. O, indiyə qədər dəfələrlə aidiyyatı orqanlara müraciət etməsinə baxmayaraq, hakim partiya öz üzvünün şikayətinə baxılmayıb. 
 
Bu barədə musavat.com-a danışan Şahin Məmmədov başına gələnləri belə nəql edib: “Göygöl rayon İcra Hakimiyyəti bilərəkdən rayonun Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın qanunsuz fəaliyyətini ört-basdır edir. Korrupsiya faktları barədə müraciətlər etdiyimə, dövlət büdcəsindən ayrılan vəsaitlərin bədxərcliklə xərcləndiyini bildirdiyimə, dövlət mənafeyini müdafiə etdiyimə görə Ş.Hümbətovanın heç bir qanuna əsaslanmayan, şər-böhtanla dolu təqdimatı əsasında 17 iyul 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə dövlət qulluğuma xitam verildi. Bir dəfə də olsun xəbərdarlıq almamışam.
 
Maliyyə Nazirliyinə bu barədə müraciət etmişdim. Cavab aidiyyatı üzrə icra hakimiyyətinə göndərilmişdi. Həmin müraciət əsassız hesab olundu. Deməli ölkədə korrupsiyaya qarşı aparılan mübarizə əsassızdır? Bilərəkdən korrupsiya faktlarının üzərindən keçilir.
 
Şərqiyyə Hümbətova oğlu Ceyhun Hümbətovu rayonun Gənclər və İdman İdarəsində məsləhətçi vəzifəsinə təyin etdirib. O, tarix fakültəsini bitirib. Onun oğlu olduğu üçün heç bir imtahan vermədən həmin vəzifəni tutub. Bütün bu hallara İcra Hakimiyyəti susur.
 
Göygöl rayon İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin baş mühasibi Fəridə Allahverdiyeva, həmdə "ƏDİRƏF" MMC-nin sahibidir. "ƏDİRƏF" MMC rayonun Mədəniyyət və Turizm Şöbəsi ilə daim alqı-satqı müqavilələri imzalayır. Həmin müqavilələrdə bilərəkdən qiymətlər artıq yazılır. Dövlət vəsaiti israf edilir. Bildiyiniz kimi, “Dövlət qulluğu haqqında” Qanuna görə, dövlət qulluqçusu sahibkarlıqla məşğul ola bilməz. Bütün bunları ifşa etdiyim üçün vəzifədən azad edildim”.
 
Şikayətçi Şərqiyyə Hümbətova tərəfindən məhkəməyə verildiyini də qeyd etdi: “Ş.Hümbətova məni xüsusi ittiham qaydasında məhkəməyə verib. Səbəb KİV-də ona rüşvətxor deməyimdir. Hazırda proses gedir. Nəticəni bilmək olmaz. Mənə qarşı irəli sürülən ittihamın geri götürülməsi ilə bağlı vəsatət vermişəm.
 
Ş.Hümbətova bir həftə öncə “Təzadlar” qəzetinə verdiyi müsahibədə barəmdə “Dəli, psixdir. Başı çatmır” ifadələrini işlədib. Mən də onu ittiham qaydasında məhkəməyə vermişəm. Hazırda Ş.Hümbətova müraciətlərimi davam etdirdiyimi görüb, məni birdəfəlik susdurmaq üçün barəmdə Azəbaycan Respublikasının CM-nin 147 və 148-ci maddələri ilə cinayət işinin açılması üçün məhkəmədə iddia qaldırıb. 
 
Ş.Hümbətova mənə bildirir ki, iddiasını bir şərtlə geri götürə bilər. Gərək mən onun barəsində etdiyim çıxışlarla bağlı təkzib verəm və işə bərpa olunmağımla bağlı verdiyim məhkəmə iddiasını geri götürəm. O, bilir ki, məni əsassız olaraq işdən azad etdirib. Mənə atdığı şər-böhtana görə cavab verməli olacaq. İşçilərə təzyiq edib, əleyhimə akt yazdırmağı üzə çıxacaq. Necə olur ki, məzuniyyətə çıxarkən özü mənə mükafat yazır, məzuniyyətdən qayıdan kimi işdən azad edilməyimə çalışır? Məzuniyyətdə olan birisi necə oldu ki, verilən tapşırıqları yerinə yetirmədi?
 
Sanki, onun xüsusi "toxunulmazlıq" hüququ var. Az qala hər həftə bir məmur korrupsiya ittihamı ilə cəzalandırılır. Məgər Ş.Hümbətovanın etdikləri korrupsiya hüquqpozması deyil? Mən də bu ölkənin vətəndaşıyam. Mənim başqa ölkəm yoxdur. Dövlətim mənə sahib çıxsın. O, etdiyi korrupsiya əməllərinə göz yumulduğunu görüb, daha da cəsarətlənir. Cəzasız qalacağına əminliyi artır". 
 
Şahin Məmmədov aidiyyatı orqanlara səslənib: “Qəzetiniz vasitəsilə dövlət qurumlarına müraciət edirəm. Cənab Prezidentin korrupsiyaya qarşı apardığı mübarizəyə dəstək olduğum üçün bu qədər təzyiqlərə məruz qalıram. Bu qədər haqsızlıq olmaz. Göstərilən aktlara baxılsın. Bu, faktdır. Nə vaxtadək Ş.Hümbətova cəzasız qalacaq? Mənim başıma gətirilən hadisələrdən xəbərdar olan heç bir dövlət qulluqçusu korrupsiyaya qarşı mübarizə aparmayacaq”.
 
Şikayətçi ölkə prezidentinə də müraciət ünvanlayıb: “Cənab Prezident, ölkəmizdə korrupsiyaya qarşı apardığınız məqsədyönlü və qətiyyətli mübarizənin uğurla yekunlaşacağına sonsuz inamım olduğu üçün bir dövlət qulluqçusu kimi korrupsiyaya qarşı çıxdım. Ancaq məndən asılı olmayan səbəblərə görə sizin mübarizənizə dəstək verə bilmədim. Haqqı dediyim üçün susduruldum. Ş.Hümbətovanın qanunsuz əməllərini araşdırmırlar. Korrupsiyaya qarşı apardığım mübarizədə, korrupsiyanın qalmasını istəyənlərə məğlub olmaq üzrəyəm. Mənə kömək edin.
 
2003-cü ildən YAP üzvüyəm. 2006-cı ildə GDU-nu fərqlənmə diplomu ilə bitirmişəm. 2008-ci ildə isə SDU-nun magistaturasını qurtarmışam. 2008-2010-cu illərdə ön xətdə zabit kimi qulluq etmişəm. Hazırda ehtiyatda olan zabitəm”.
 
Yazıda adı çəkilən şəxslərin də mövqeyini öyrəndik.
 
Şərqiyyə Hümbətova barəsində səsləndirilən ittihamların şər-böhtan olduğunu bildirdi: “Bu barədə “Təzadlar”a fikrimi demişəm. Yazılanların hamısı böhtandır. Onun şikayəti əsasında nazirlikdən yoxlama gəlib. Bütün aidiyyatı orqanların yoxlaması aparılıb. Günahım olsaydı, çoxdan cəzamı alardım. Günahkar Şahinin özüdür ki, işdən azad olunub. Onun dedikləri yalandır. Onun yazdıqlarının heç biri öz təsdiqini tapmayıb”.
 
Yazıda adı çəkilən digər şəxs Fəridə Allahverdiyeva Şahin Məmmədovu tanımadığını və onun adını hallandırdığına görə şikayətçini hədələdi: “Onu tanımıram. Əlimə keçsə, boğub, yerə vuraram. Onu axtarıram. Məni haradan tanıyır ki, haqqımda boş-boş danışır. Onun Şərqiyyə ilə prinsipi var. Bunun mənə nə dəxli var? Heç salamım belə, yoxdur. Adamın boğazını üzərlər. Onun basıb, gözünü çıxararam”.

Google+ WhatsApp ok.ru