Yardımlı meşəsindəki yanğın Cəlilabada doğru irəliləyir

Yardımlı meşəsindəki yanğın Cəlilabada doğru irəliləyir

Yerli əhali və rəsmi strukturlar meşə yanğınının söndürülməsi ilə bağlı səfərbər olunub
 
İyulun 5-də gecə saatlarında Yardımlı rayonu ərazisində - Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin çətin keçilən dağlıq meşə fondu ərazisində başlamış yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
 
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti bildirib. Qeyd edilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bərabər Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, helikopter və aviasiyası yanğın söndürülmə işlərinə cəlb olunub.
 
Havanın isti və küləkli olması yanğının tam söndürülməsində çətinliklər yaradır. Nisbi rütubətin 23 faiz, küləyin sürətinin 14 m/san və yüksək temperatur rejimi işlərin aparılmasına əngəllik yaratsa da yanğın söndürmə işləri davam etdirilir.
 
ETSN Fövqəladə Hallar Nazirliyinin qüvvələrinə dərin minnətdarlıq bildirir, eyni zamanda rayon icra hakimiyyəti, Masallı, Yardımlı, Cəlilabad rayonlarının sakinlərinin yanğının söndürülməsinə yaxından köməkliyini xüsusi vurğulayır.
 
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev 5 iyul tarixindən yanğın baş verən ərazidə nazirliyin yanğına qarşı səfərbər olunan qüvvələrinə rəhbərlik edir.
 
Xatırladaq ki, ilk gün Yardımlıda baş verən meşə yanğının söndürülməsinə helikopter və təyyarə də cəlb edilmişdi. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası və Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi söndürmə işlərinə cəlb olunmuşdu. Yanğını müəyyən qədər lokallaşdırmaq mümkün olsa da, havanın küləkli olması və quru otların, kol-kosların alışması, həmçinin sıx meşələrdə yanğının yayılması fəlakətin qarşısını tam almağa imkan verməyib.
 
Bir az əvvəl Yardımlı rayonundakı mənbələrimizdən Musavat.com-a bildirilib ki, yanğın gecəboyu da davam edib. Yanğın Cəlilabad rayonu istiqamətində davam edir.
 
Dağ-meşə massivi olduğundan ərazidə telefon rabitəsi ilə bağlı problem var. Odur ki, birbaşa əlaqə saxlamaq çətindir. Ancaq son məlumata görə, yanğının əhatəsi ötən günə nisbətən azalmaqdadır. Yardımlı rayonunun Şıxlar, Zevin, Astanlı, Gendərə, Bərcan ərazi nümayəndəliklərinin təşkilatçılığı ilə yerli əhali də yanğının söndürülməsinə mütəşəkkil şəkildə cəlb olunub. Kəndlilər fəlakətin qarşısının alınması, yanğının kəndlərə keçməməsi və daha geniş yaşıllıq massivini məhv etməməsi üçün fədakarlıqla çalışır.
 
Yardımlı polisinin əməkdaşları, həmçinin yanğınsöndürmə xidməti, İcra Hakimiyyətinin məsul şəxsləri də baş vermiş hadisə ilə əlaqədar fövqəladə rejimdə çalışırlar. Hələlik yanğın nəticəsində məhv olan meşə massivi barədə dəqiq statistika bəlli deyil.
 
Amma yerli sakinlər deyir ki, son onilliklərdə Yardımlıda ilk belə yanğın hadisəsidir ki, baş verir. Hadisənin hansı səbəbdən baş verməsi də araşdırılır.
 
Qeyd edək ki, ötən həftə Yardımlı rayonunda 15 hektaradək biçilməmiş taxıl sahəsi də yanğın nəticəsində məhv olmuşdu. Bu gün rayon camaatı həm də ondan narahatdır ki, kombayn çatışmazlığı səbəbindən biçilməyən yüz hektarlarla taxıl sahələri təsadüfi yanğınların qurbanı ola bilər.

Google+ WhatsApp ok.ru