Yardım paylayan gənc  25 sutka həbs cəzası aldı

Yardım paylayan gənc 25 sutka həbs cəzası aldı

Aprelin 12-də Hikmət Ağayev Xətai Rayon Məhkəməsinin hökmü ilə 25 sutka həbs cəzası alıb. O, Polisə müqavimət ittihamı ilə həbs edilib.

Maide.Az xəbər verir ki, bu barədə H.Ağayevin yaxınları Vetenugrunda.az-a məlumat veriblər. Yaxınları bildirib ki, Hikmətin məhkəməsində iştirak edə bilməyiblər. Çünki məhkəmə tarixini yanlış deyiblər.


Qeyd edək ki, aprelin 10-da imkansız ailələrə yardım daşıyan Suraxanı sakini Hikmət Xeyrulla oğlu Ağayev evdən çıxmağa icazəsi olmadığı üçün 100 manat məbləğində cərimə edilib.


Aprelin 11-də isə o, işlədiyi marketdən yoxa çıxıb. Hikmət Ağayevin yaxınlarının verdiyi xəbərə görə 11 apreldə o, Xətai rayonunda satıcı işlədiyi marketə yollanıb. Saat 16:00-dan sonra ailəsi Hikmətlə əlaqə saxlaya bilməyib və narahat olub. Ailə üzvləri Hikmətin iş yerinə gediblər. Onun işlədiyi mağazanın qapısı bağlı olub. Hikmətin maşını marketin qabağında olsa da, özü necə deyərlər, yoxa çıxıb.


Yaxınları onu çox axtarıdıqdan sonra axşam saatlarında Xətai Rayonu Polis İdarəsində tapıblar. Lakin idarədən Hikmətin niyə saxlanması barədə heç bir məlumat verilməyib.


Atası Xeyrulla Ağayev 12 aprel saat 11-də Xətai Rayon Məhkəməsində Hikmət Ağayevin məhkəmə prosesi keçiriləcəyini bildirdi. Lakin həmin günü Hikmətin məhkəməsinin 13 aprelə təxirə salındığı bildirilib. 13 apreldə atası maraqlananda deyiblər ki, Hikmət Ağayevin məhkəməsi aprelin 12-də baş tutub.

Google+ WhatsApp ok.ru