Yarmarkaların qiymət məyusluğu

Yarmarkaların qiymət məyusluğu

-- Bu şəhər sakinlərində narazılıq yaradır

"Exo" qəzetində "Kənd təsərrüfatı yarmarkaları Bakı sakinlərini məyus etdi?" sərlövhəli yazı oxumaq olar.
 
Müəllif bayram yarmarkalarında məhsulların qiymət və keyfiyyətini Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla müzakirə edir.
 
Müəllif vurğulayır ki, Novruz bayramı münasibətilə Bakı və Sumqayıtda növbəti dəfə kənd təsərrüfatı yarmarkaları təşkil edilib, yarmarkaların piştaxtalarına müxtəlif məhsullar çıxarılıb.
 
Yazı müəllifi sahibkarların məqsədinin bu məhsulları satmaq olsa da heç də hamının buna nail ola bilmədiyini deyir.
 
"Azərbaycan sakinləri növbəti dəfə kənd təsərrüfatı yarmarkalarındakı qiymətlərdən narazı qaldılar. Səbəb də budur ki, ərzaq mallarının qiymətləri sözün əsl mənasında yerli sakinləri məyus edib. Belə yarmarkaların keçirilməsi ilk dəfə deyil, istehsalçılar məhsullarını bu yarmarkalarda realizə edirlər. Hər ildə əsassız baha qyimətlər müşahidə olunur və bu da şəhər sakinlərində narazılıq yaradır". Bunu isə AİB sədri E.Hüseynov "Exo" qəzetinə bildirib.
 
Ekspert məmurların yenə də yarmarkalarda qiymətlərə nəzarətin gücləndiriləcəyi vədi verdiklərini, amma buna tam əməl olunmadığını, yarmarkalara çıxarılan məhsulların əksəriyyətinin qiymətinin digər satış nöqtələrdəkindən fərqlənmədiyini bildirir: "Bundan əlavə, bəzi məhsulları supermarketlərdən almaq daha əlverişlidir. Bu yarmarkalar alıcıları təkcə mal çeşidi çoxluğu ilə yox, həm də məhsulların əlverişli qiymətlərilə cəlb etməlidir. Bakıda isə hər şey başa cürdür. Şəhər sakinləri belə qiymət gözləmirdilər".
 
Digər tərəfdən, E.Hüseynov deyir ki, heç bir fermer öz məhsulunu ucuz satmır, belə ki, hansısa mağazada sahibkar həmin məhsulu ikiqat bahasına reallaşdırır, odur ki, fermer də yarmarkaya ucuz qiymətlə gəlmir.
 
QHT rəhbəri deyir ki, bu prosesi inzibati üsullarla tənzimləmək mümkün deyil və buradan çıxış yolu təşkilatçıların prosesə daha çox fermer cəlb etməklə bazarda rəqabət mühiti yaratmasındadır: "Yalnız belə üsulla yarmarkalarda, eləcə də bazar və marketlərdə qiymətləri endirmək olar", -ekspert bildirir.
 
E.Hüseynov yarmarkaları kiçik və orta istehsal sahəsində sahibkarlıq fəaliyyətinin artımı üçün vacib infrastruktur sayır, amma indiki qiymətlərlə bunun səmərəsinin olmadığını vurğulayır.
 
Ekspert deyir ki, yarmarkalar yerli istehsalçılara həm də idxal edilən bəzi məhsulların qiymətlərinin bahalaşdığı indiki şəraitdə ölkə daxilində bazarı məhsul bolluğu ilə təmin etmək fürsətidir.
 
Xatırladaq ki, Novruz bayramı münasibətilə Kənd Təsərrüfatı Nazirliyi və
 
"Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC Bakı və Sumqayıtda bayram yarmarkaları təşkil edib.
 

Google+ WhatsApp ok.ru