Yaxınları Taleh Bağırzadənin `kars`a salındığını bildirir

Yaxınları Taleh Bağırzadənin `kars`a salındığını bildirir

İlahiyyatçı Taleh Bağırzadənin Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında cərimə kamerasına (“kars”) salındığı bildirilir. Bu haqda onun yaxınları məlumat yayıb.
 
Taleh Bağırzadənin cəzalandırılmasına səbəb kimi isə iyulun 20-də özü də daxil, 18 nəfərin məhkəməsində hakimin onların çıxışına imkan verməməsinə etirazları göstərilir.
 
İyulun 20-si Bakı Apellyasiya Məhkəməsində vəkillərdən sonra, təqsirləndirilən şəxslərin özləri də çıxış etmək istəyiblər.Ancaq onlardan çoxu bu istəklərini gerçəkləşdirə bilməyiblər.
 
Təqsirləndirilən şəxslərdən yalnız Aqil İsmayılov və Cahad Babakişizadə çıxış edərək, hökumətin ünvanına tənqidi fikirlər səsləndiriblər. Onların sözünü hakimin kəsməsi digər təqsirləndirilənlərin etirazına səbəb olub.
 
"Cənab hakim, siz niyə bizim sözümüzü kəsirsiniz? Bilirəm, kürsünüzə görə qorxursunuz. Amma qorxmayın, siz demirsiniz, biz danışırıq. Bu adamları dövlət çevrilişində ittiham edirlər. Dövlət çevrilişində ittiham olunan adam kartofdan danışmalı deyil ki...", - AXCP sədrinin müavini Fuad Qəhrəmanlı (10 il həbs cəzası alıb) deyib.
 
Bu məqamda fasilə elan edən hakim bir neçə dəqiqəlik aradan sonra geri qayıdaraqprokuror Ceyhun Budaqova söz verib. Bu, təqsirləndirilən şəxsləri hiddətləndirib. Onlar Əmir Bayramovun sədrlik etdiyi kollegiyaya etiraz ediblər. Öz ayaqqabı və əllərindəki su qablarını hakimlərə atıblar.
 
Hakimlər məhkəmə zalını tərk ediblər, prosesi izləməyə gələnlər məhkəmə zalından çıxarılıb.
 
Bu hadisədən təxminən iki saat sonra vəkillərə məlumat verilib ki, müdafiəçilərin iştirakı olmadan məhkəmə davam edib və qərar elan olunub. Bakı Apellyasiya Məhkəməsi Taleh Bağırzadə və daha 17 nəfər haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
 
Təqsirləndirilən şəxslər təcridxanaya aparılandan sonra Taleh Bağırovun məhkəmədəki insidentə görə “karsa” salındığı söylənir. Digər təqsirləndirilən şəxslərdən daha kimlərin cəzalandırıldığı açıqlanmayıb.
 
Məsələyə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. (azadliq.org)
 

Google+ WhatsApp ok.ru