Yayda sudan, qışda qazdan boğulanlar - qorxunc statistika

Yayda sudan, qışda qazdan boğulanlar - qorxunc statistika

Oqtay Bayramov: “Çimərlik mövsümü başlanandan 80 nəfər bizim əməkdaşlar tərəfindən xilas edilib”
 
Artıq bir aydan çoxdur ki, çimərlik mövsümü başlayıb. Bakıda yaşayanlar əsasən Xəzər dənizi ətrafındakı çimərliklərə, bölgələrdə məskunlaşanlar isə çaylara, göllərə üz tuturlar. Lakin təəssüf ki, hər il olduğu kimi, bu il də suda boğulma hallarının sayı çoxdur. Acı mənzərə budur ki, vətəndaşlarımız qışda qazdan boğulur, yayda da sudan.
 
Hər il çimərlik mövsümü başlamazdan öncə müvafiq qurumlar tərəfindən çoxsaylı təbliğatlara, gərəkli tədbirlərə baxmayaraq, ölkədə çimərliklərdə boğulanların sayı kifayət qədər olur. Baxmayaraq ki, Azərbaycan ərazisindən Kür və Araz kimi iri çaylar keçir, ölkəmiz Xəzər dənizinin sahilində yerləşir, ancaq hələ də bir çox vətəndaşlarımız su ilə davranmaq vərdişlərinə sahib deyillər. Mütəxəssislər bildirirlər ki, suda boğulma hallarının əksəriyyəti şəxslərin özlərinin günahından baş verir. Məlumatlara görə, suda boğulanların əksəriyyəti ya qadağan olunmuş sahədə çimirlər, ya da suya içkili vəziyyətdə girirlər. Nəticə isə faciə ilə tamamlanır.
 
Son 3 gündə ölkədə 5 nəfər bu və ya digər səbəbdən suda boğularaq dünyasını dəyişib. Belə ki, ötən günlər ərzində Kür çayının Hacıqabul rayonu ərazisindən keçən hissəsində 43 yaşlı Ağabəyzadə Bəxtiyar və oğlu 15 yaşlı Fərid boğularaq dünyalarını dəyişiblər. Eləcə də ötən günlər ərzində Qazax rayonunda da iki yaxın qohum boğularaq dünyasını dəyişib. Belə ki, rayonun Dəmirçilər kənd sakini qardaş olan 2007-ci il təvəllüdlü Bayramov Nihad Mürşüd oğlu və 2009-cu il təvəllüdlü Bayramov Lətif Mürşüd oğlu kəndin ərazisində süni yaradılmış göldə boğulublar. Ötən 3 gün ərzində Saatlıda da bədbəxt hadisə baş verib. Belə ki, rayonun Hacıqasımlı kənd sakini 3 yaşlı Həsənova Familə Bəxtiyar qızı evlərinin həyətindəki gölməçəyə düşərək boğulub.
 
Ötən ilin müvafiq dövrünə də diqqət edək. Belə ki, keçən ilin iyul ayında Azərbaycanda bir gündə 7 nəfər dənizdə batmışdı. Çimərlik mövsümü başlayandan iyul ayına qədər isə suda boğulanların sayının 20-ni ötdüyü qeyd olunurdu. Təbii ki, mövsümün sonuna qədər bu rəqəm bir qədər də artdı və suda boğulanların sayı 30-u keçdi. Statistikaya görə, ötən ilin iyun ayı ərzində 50 nəfər suda boğulmaq üzrə olan şəxs xilas edilib ki, bunlardan 33 nəfəri nəzarət olunan zonalarda, 17 nəfəri isə qeyri-çimərliklərdə çimənlərdir.
 
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov “Yeni Müsavat”a boğulmalar və görülən işlərlə bağlı son məlumatları verib: “Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmiləri və Dövlət Sularda Xilasetmə Xidmətinin Xilasetmə və dalğıc işləri üzrə strukturu iyunun 15-dən 41 xilasetmə nəzarət məntəqəsində əhalinin təhlükəsizliyinin qorunması üçün tədbirlər görüb. Hələ çimərlik mövsümünə hazırlıq dövründə bütün personalın yenidən yoxlanılması, onların təlimi, dəniz kənarında qadağan olunmuş yerlərdə xəbərdarlıq lövhələrinin quraşdırılması, xilasetmə məntəqələrinin ərazi bölgüsünün tam təkmilləşdirilməsi istiqamətində işlər aparıldı. Çimərlik mövsümü başlanandan sonra isə Fövqəladə Hallar Nazirliyinin yuxarıda qeyd etdiyimiz müvafiq qurumu 41 məntəqədə əhalinin təhlükəsizliyinin qorunması üzrə işlərə başladı. Hazırda da qızmar yay günlərində orada əhalinin təhlükəsizliyinin qorunması məqsədilə skuter, katerlərlə gəzintilər aparılır. Eyni zamanda dəniz kənarında da əhali ilə maarifləndirici söhbətlər edilir. Dənizdə təhlükəsizlik baxımından xüsusi sədlər də çəkilib ki, insanlar uzağa getməsinlər. Son məlumata görə, çimərlik mövsümü başlanandan nəzarət edilən ərazilərdə 80 nəfər bizim əməkdaşlar tərəfindən xilas edilib. Bundan başqa, Dövlət Sularda Xilasetmə Xidmətinin digər funksiyası da əhalinin istismarında olan qayıqlara, skuterlərə nəzarət həyata keçirməkdir. Son olaraq iki reyd keçirilib və bu reydlərdə 10 ədəd icazəsiz, lisenziyasız qayıqlar aşkar olunub. Onlara da qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb. Hazırda da xilasedicilər öz fəaliyyətlərini davam etdirirlər”.
 
O. Bayramov Kür çayında da xüsusi nəzarət məntəqələrinin olduğunu bildirib: “Kür sahilində bizim 4 xilasetmə məntəqəmiz var. Bunlar Mingəçevir, Yevlax, Şirvan və Salyandadır. İnsanlar gərək qadağan olunmuş yerlərdən, həmçinin nəzarətdən kənarda olan qeyri rəsmi çimərliklərdən istifadə etməsinlər və bizim xəbərdarlıqlarımıza riayət etsinlər. Çox təəssüf ki, bəzi insanlar gedib, bizim nəzarətimizdən kənar, qadağan olunmuş ərazilərdə çimirlər. Təkcə Kür çayında deyil, hətta gedib su kanallarında çimənlər də var. Bu isə onların həyatları üçün təhlükədir. Ötən illərlə müqayisədə boğulanların sayında azalma var. Ancaq qeyd etdiyim boğulmaların hamısı bizim nəzarətimizdən kənar, qadağan olunmuş ərazilərdədir. Rəsmi çimərliklərdə isə 80 nəfər xilas edilib. Xilas olunanladan da demək olar ki, 90 faizi rəsmi çimərliklərdən istifadə edənlərdir. Qadağan olunmuş ərazilərdə bizim əməkdaşlarımız tərəfindən xüsusi lövhələr quraşdırılıb. Həmin lövhələrdə göstərilib ki, bu ərazilərdə güclü su axını var və ya qayalar təhlükəlidir. Buna baxmayaraq, insanlar gedib həmin yerlərdə çimib, həyatları üçün təhlükə yaradır”. /

Google+ WhatsApp ok.ru