YEDDİNCİ SƏCİYYƏ: İNSAN QANINA EHTİRAM-1

YEDDİNCİ SƏCİYYƏ: İNSAN QANINA EHTİRAM-1

Rəhman Allahın həqiqi bəndələrinin yeddinci səciyyəsi insanların canı və qanını möhtərəm saymalarıdır. Onlar heç vaxt nahaq qan tökməz və əllərini bu günaha batırmaz. Qurani-Kərimdə buyurulur:

وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ

“(Qisas, şəri cəza və bu kimi) haqq (qətllər) istisna olmaqla (rəhman Allahın həqiqi bəndələri) Allahın möhtərəm və toxunulmaz etdiyi canı öldürməzlər.” (“Furqan” surəsi, ayə 68.)

Burada belə bir sual diqqəti cəlb edir: “Qeyri-müsəlmanın da qanı möhtərəmdirmi? Yaxud qeyri-müsəlmanlar arasında dindarla kafirin fərqi varmı?

Cavab: Məzmun etibarilə ayə mütləq şəkildə bəyan olunur və şəxslərin əqidə və ayininə toxunulmur. İslamda bir qrup istisna olmaqla bütün kafirlərin qanı möhtərəmdir. “Fiqh” elmində qeyd olunduğu kimi, kafirlər dörd qrupa bölünür və onlardan üçünün qanı, malı və namusu möhtərəmdir. Həmin qruplar bunlardan ibarətdir:

1. “Zimmi” kafir: İslam ölkələrində müsəlmanlarla sülh şəraitində yaşayan və azlıq təşkil edən qeyri-müsəlmanlara deyilir. Onların canı, malı və namusu toxunulmazdır və bir çox hüquqları müsəlmanlarla bərabərdir. Onlar da cəmiyyətin bir üzvü kimi yaşadığı İslam ölkəsində vətəndaşlıq vəzifələrini yerinə yetirməli, hətta müharibə zamanı cəbhəyə qüvvə göndərməkdən imtina etməməlidirlər. Şübhəsiz, “zimmi kafir”in qanı və canı toxunulmazdır.

2. “Müahəd” kafir: Qeyri-İslam ölkələrində yaşayan və İslam ölkələri ilə siyasi, iqtisadi və ya mədəni əlaqələri olan kafirlərə “müahəd” deyilir. Hal-hazırda belə əhd-peymanlar səfirliklər vasitəsilə həyata keçir. Onların da qanı və canı toxunulmazdır və buna əks olan bir dəlil-sübut yoxdur.

3. “Mühadin” kafir: “Hüdnə” sözündən götürülmüş “mühadin” sözü “atəşkəs” mənasını verir. İslam ölkələri ilə heç bir rabitə və əlaqəsi olmayan və müharibə də aparmayan kafirlərə “mühadin” deyilir. Başqa sözlə, birinci və ikinci qrupdan olmayıb, nə bizim işimizə qarışır, nə də biz onlara mane oluruq. Qurani-Kərimin buyruğuna əsasən, onların da qanı və canı möhtərəm, toxunulmazdır. (“Mümtəhinə” surəsi, ayə 8; “Nisa” surəsi, ayə 90.)

4. “Hərbi” kafir: Hər hansı yolla İslam ölkələri ilə döyüş aparanlara “hərbi” kafir deyilir və İslam baxımından belə kafirlərin qanı möhtərəm sayılmır. Necə ki, onlar da biz müsəlmanların qanını möhtərəm bilmirlər. Əlbəttə, İslamın müharibə prinsiplərinə əsasən, döyüş zamanı müsəlmanlar yalnız onların döyüşçülərinə hücum edə bilər, uşaq və qadınlara, qoca və xəstələrə toxuna bilməzlər.

Demək, ilk üç qrupun qanı və canı toxunulmaz, dördüncü qrupun qanı isə halaldır.

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru