YEMƏK YEMƏYIN QAYDALARI

YEMƏK YEMƏYIN QAYDALARI

-- İslamda

Süfrə arxasında oturduqda başqalarının qarşısından deyil, əl çatan ən yaxın yerlərə qoyulan yeməklərdən istifadə etmək lazımdır. Həzm və çeynəməyin asan olması, həmçinin üzün xoşagəlməz hala düşməməsi üçün ağıza qoyulan tikələr balaca olmalıdır. Tikələr yalnız yaxşıca çeynəndikdən sonra udulmalıdır. Yeməyə qabın ortasından deyil, qırağından başlamaq lazımdır və ağızdakı tikəni udmayınca, ağıza növbəti tikə qoyulmamalıdır. Yemək zamanı imkan daxilində başqalarının üzünə nəzər salınmamalı və yemək yedikdə tələsməmək lazımdır. Süfrə arxasında bir qədər çox oturmalı və süfrəyə qoyulan yeməklər dadlı olmadıqda onlara məzəmmətlə yanaşılmamalıdır.
 
Maide.Az "Islamheqiqetleri" kanalına istinadən xəbər verir ki, İmam Həsən Müctəba (ə) buyurur: «Hər bir müsəlman yemək yeməzdən əvvəl bu on iki şeyi bilməlidir. Onlardan dördü vacib, dördü sünnə, dördü isə əxlaq və ədəb-ərkan qaydalarından ibarətdir. Vacib olan dörd şey bunlardır: 1. Tanışlıq. 2. Razılıq (yəni, ruziyə qane olmaq). 3. [Yeməyə başlamazdan əvvəl] Allahın adını çəkmək. 4. [Yeyib qurtardıqdan sonra] Allahın şükrünü yerinə yetirmək.
 
Sünnəyə aid olan bunlardır: 1. Yeməyə başlamazdan əvvəl dəstəmaz almaq. 2. Sol tərəfi üstə oturmaq. 3. Üç barmaqla yemək. 4. Yedikdən sonra barmaqları yalamaq.
 
Əxlaq və ədəb-ərkan qaydalarına aid olanlar isə bunlardır: 1. Qarşıda olanlardan yemək. 2. Tikələri kiçik götürmək. 3. Həzmi asanlaşdırmaq üçün çoxlu çeynəmək. 4. Süfrə arxasında oturanlara nəzər salmamaq».
 
Imam Cəfər Sadiq (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur: «Yemək yediyiniz zaman qarşınızda olanlardan yeyin».
 
Başqa bir hədisdə buyurur: «Hər bir şeyin müəyyən həddi-hüdudu vardır». Bu zaman ortaya süfrə salındı. Səhabələrdən biri süfrənin həddi-hüdudunun nədən ibarət olduğunu soruşduqda buyurdu: «Süfrənin həddi-hüdudu bundan ibarətdir ki, oraya əl uzatdıqda «bismillah», qurtardıqda isə «əlhəmdulillah» deyilsin və süfrə arxasında oturan hər bir şəxs başqalarının qarşısından deyil, yalnız öz qarşısındakı yeməklərdən istifadə etmiş olsun».
 
«Süfrə arxasında oturmaq insanın ömründən hesab olunmadığı üçün orada bacardığınız qədər çox oturun».
 
«Qarşınıza isti yemək qoyulduqda soyumasını gözləyin. Peyğəmbər (s) üçün isti yemək gətirdikdə buyurardı: «Gözləyin bir qədər soyusun. Allah-taala yeməklərimizin oddan olmasını sevməz. Bərəkət varsa, o da soyuq yeməklərdədir».
 
Başqa bir hədisdə atasından nəql edərək buyurur: «Peyğəmbər (s) dadsız yeməkləri yeməyi yasaq edərdi».
 
ÇOX YEYILМƏМƏLIDIR
 
Yemək və içməkdə riayət olunması zəruri olan məsələlərdən biri də ifrata yol verilməməsidir. Çox yemək bədən sağlamlığına ziyan vurmaqla yanaşı, ibadət və mənəvi saflığa lazımi diqqətin yetirilməsinə mənfi təsir göstərir.
 
Nəql olunmuş rəvayətlərdə möminlərə çox yeməyin zərərli olduğu haqda xəbərdarlıq etməklə yanaşı, yemək vaxtlarının zamanı və lazımi miqdarı barədə dəyərli tövsiyələr edilmişdir.
 
Peyğəmbər (s) buyurur: «Əkin sahələrinə çox su verməklə məhv olduğu kimi, çox yeyib-içməklə qəlblərinizi məhv etməyin».
 
Başqa bir hədisdə buyurur: «Qarnı dolu olanlar yerin və göyün hikmət və sirlərindən agah olmazlar».
 
«Allah-taala yanında bəyənilməyən şeylərdən biri də dolu qarındır».
 
«Çox yeyib-içməkdən çəkinin, belə etməklə qəlbləriniz süstləşəcək, bədən üzvləriniz Allaha itaət etməkdə süstlük edəcək və nəsihətamiz tövsiyələri eşitməkdən nakam qalacaqsınız».
 
Əli (ə) buyurur: «Çox yemək və çox yatmaq insanı süstləşdirir, zərəri zərər ardınca gətirir».
 
Başqa bir hədisdə buyurur:
 
«Çox yeyənlərin səhhəti pozular və gündəlik xərcləri də çox olar».
 
«Çox yeməməyi sizlərə tövsiyə edirəm. Bu, sizləri namaz qılmaqdan soyudacaq, qəlblərinizi süstləşdirəcək və səhhətinizin pozulmasına səbəb olacaqdır».  

Google+ WhatsApp ok.ru