Yeni şəxsiyyət vəsiqələrinin özəlliyi və köhnələrin taleyi necə olacaq?

Yeni şəxsiyyət vəsiqələrinin özəlliyi və köhnələrin taleyi necə olacaq?

Cari il sentyabrın 1-dən etibarən Azərbaycan vətəndaşlarına yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb. Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstündür.
 
Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdirilib. Yeni nəsil vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edir.
 
Amma son zamanlar yeni nəsil şəxsiyyət vəsiqəsinin bəzi qurumlar tərəfindən oxunulmaması, 3 gün müddətinə verilməməsi, çiplərdə problemlərin olması ilə bağlı iddialar irəli sürülüb.
 
Maide.Az bildirir ki,  Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi, polis mayoru Jalə Nəsibova Sputnik Azərbaycan-a bildirib ki, yeni nəsil şəxsiyyət vəsiqələri 6 dövlət qurumunun məlumatları əsasında hazırlanır.
 
“Çap zamanı da vəsiqələr bir neçə mərhələdən keçir. Bu mərhələlərdən biri də elektron imza sertifikatlarının çipə yapışdırılmasıdır. Vəsiqələrin çapı zamanı aidiyyatı qurumlara sorğular göndərilir və bu sorğuların cavabının gəlməsi bir qədər vaxt aparır. Sistem hələ yenidir. Yeni nəsil şəxsiyyət vəsiqəsinin qısa müddətə verilməsində istisnalar edilmədiyi üçün köhnə nümunəli şəxsiyyət vəsiqələri də müəyyən müddət paralel verilib.”
Onun sözlərinə görə, bu gün artıq bütün ölkə ərazisində zəruri infrasturuktur hazırdır və verilir. Ancaq bu, o demək deyil ki, köhnə nümunəli vəsiqələr qüvvədə olmayacaq. Onlar tam etibarlılıq müddəti bitənə qədər qüvvədə olacaq və yararlı hesab ediləcək.
 
Yeni şəxsiyyət vəsiqəsinin üstünlüyü 
 
J.Nəsibova bildirib ki, bu sistemdən keçməyən şəxslər bu proses haqqında güvənsiz ola bilər. "Şəxsiyyət vəsiqəsinin verilməsi prosesində iştirak edən hər bir şəxs yeni sistemin üstünlüyünün nədən ibarət olduğunu görür. İlk öncə sənədlər elektron şəkildə yığılır, inteqrasiya edilmiş məlumatlar əsasında əlavə sənəd tələb edilmədən, vətəndaşın əlindəki şəxsiyyət vəsiqəsi yoxlanılır. Bu zaman ekranda ərizə-anket forması çıxır. Bu, avtomatik olaraq proqram təminatı vasitəsilə doldurulur. Vətəndaş üçün bu, işin asanlaşdırılması deməkdir. Sonra nikah haqqında məlumatlar əldə edilir. Burada vətəndaşın ailə üzvləri, övladları, həyat yoldaşı barədə məlumatlar çıxır. Və vətəndaşdan bu prosesdə əlavə heç bir sənəd tələb edilmir. Sistem mükəmməl şəkildə təşkil edilib. Biometrik şəxsiyyət vəsiqəsinin əsas üstünlüyü ondan ibarətdir ki, bu zaman biometrik üz cizgiləri, barmaq izi götürülür. Qeyd edək ki, 15 yaşa qədər uşaqların barmaq izi götürülür. Vətəndaşa yeni nəsil şəxsiyyət vəsiqəsi ilə birlikdə Pin-puk kodlar da verilir."
 
Yeni şəxsiyyət vəsiqələrin cızılması, zədələnməsi, qabığının soyulması kimi problemlər meydana çıxarsa.. 
 
Yeni nəsil şəxsiyyət vəsiqəsi adi plastik deyil, yüksək keyfiyyətli polikarbonat materialdan hazırlanmış kartdır, deyən J. Nəsirbova bildirib ki, onu saxtalaşdırmaq mümkün deyil. "Əgər çipdə problem yaranarsa, qırılsa, vətəndaş yenidən şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etməli olacaq. Ancaq yenə də əvvəlki qayda ilə vətəndaş şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanmasına görə 10 manat əlavə cərimə ödəyəcək.
Məsələn, vətəndaş şəxsiyyət vəsiqəsini korlayıbsa və bir gün müddətinə yenisini almaq istəyirsə, 35 manat və üstəlik 10 manat dövlət rüsumu ödəməli olacaq. Oğurlandıqda isə, şəxsiyyət vəsiqəsinin verilməsi üçün əlavə rüsum tələb olunmur. Belə ki, bu halda vətəndaş polisə müraciət edib şəxsiyyət vəsiqəsinin oğurlandığını bildirməlidir. Vətəndaşın şəxsiyyət vəsiqəsi zədələnsə belə, ümumi məlumatlar bazada qalır."
 
 

Google+ WhatsApp ok.ru