Yeni Bakı-Ələt-Astara yolu gələn ilin əvvəllərində hazır olacaq

Yeni Bakı-Ələt-Astara yolu gələn ilin əvvəllərində hazır olacaq

 "Bakı-Ələt-Astara yoluna paralel olaraq çəkilmiş yeni yolun pullu olması təklif edilir".
 
Bunu "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli SalamNews-a açıqlamasında deyib.
 
A.Nəcəfli bildirib ki, yeni yolun inşası gələn ilin əvvəlində yekunlaşacaq: “Bu yol hazırda istifadədə olan alternativindən daha qısadır. Yeni magistral istifadəyə verildikdən sonra onun pullu olması ilə bağlı Nazirlər Kabinetinə təklifimizi vermişik.
 
Yol üçün hər kilometrinə ödəniş minik və yük avtomobillərindən asılı olaraq 4-7 qəpik müəyyənləşdiriləcək. Ödənişlərdən əldə edilən gəlir həmin yolun saxlanmasına xərclənəcək. Yol pullu olduqdan sonra keçdiyi kənd, qəsəbə və ya digər yaşayış massivlərində tam qapalı olacaq. Çünki bu yol magistral sürət yolu olacaq. Vaxt və məsafə baxımından yeni yaradılacaq pullu yol çox sərfəli olacaq. Hazırda yolun inşası davam etdirilir və işlər gələn ilin əvvəlində tam olaraq təhvil veriləcək”.
 
Qurum rəsmisi bildirib ki, Respublikanın digər yerlərində də yeni ödənişli yolların çəkilməsi mümkündür: “Amma indiki zamanda digər yollarla bağlı məsələ müzakirə olunmur. Əlbəttə, özəl investor olsa, bunu öz vəsaiti hesabına da reallaşdıra bilər. Xaricdə bu təcrübə geniş yayılıb”.(salamnews)

Google+ WhatsApp ok.ru