`Yeni Musavat` qəzeti üzrxahlıq bildirdi

Oktyabrın 1-də bir sıra mətbuat orqanlarına “AAAF-İnşaat” MMC-nin rəhbəri Tofiq Heydərovun fəaliyyəti və onun Xırdalanda inşa etdirdiyi “AAAF Park” yaşayış kompleksində baş verənlərlə bağlı məlumatlar göndərilmişdi. “Yeni Müasavat”a da daxil olan məlumatlar əsasında dünən ki, sayımızda “AAAF-İnşaat” MMC-nin rəhbəri haqda yeni şok faktlar” başlıqlı yazı dərc etmişdik. Həmin yazıda adları keçən dindarlar redaksiyamızla əlaqə saxlayaraq məqalədə onlarla bağlı öz əksini tapan məqamlara dair mövqelərini bildiriblər. Yazıda adı keçən ilahiyyatçı Zülfüqar Mikayılzadə bunları deyib:

“Əvvəla, onu qeyd edim ki, Tofiq Heydərovun vəhhabiliklə heç bir əlaqəsi yoxdur. O, şiə əqidəsinə malik olan bir şəxsdir. Bir yerli kimi mənim Tofiq Heydərovla əlaqəm olub, var və bundan sonra da olacaq. Şəxsən özüm onunla məsciddə namaz qılmışam və onun hansı əqidəyə malik olduğuna da şahidəm. Vəhhabi damğasını ona vurmaq ədalətsizlikdir. 
Qaldı ki, guya, mən ondan 1 milyon dollar dəyərində xüms alaraq hansısa mitinq təşkil etmişəm və 2015-ci ilin parlament seçkilərində nəsə planlaşdıraraq bu pulları ora xərcləmişəm, bu, açıq-aydın yalandır. Bizim onunla heç bir maliyyə, xüms və bu kimi işlərə görə nə söhbətimiz, nə də ki, görüşümüz olub. 
Qaldı ki, onunla görüşməyimizə, bəli, nə vaxt ki, mən yaşayış kompleksinə getmişəm, o zaman onunla görüşmüşəm. Bundan başqa, bizim heç bir mütəmadi görüşümüz baş tutmayıb. 
Ev məsələsinə gəldikdə bəli, mənim də bir çoxları kimi həmin yaşayış kompleksində evim var. Lakin bunu mənə Tofiq Heydərov pay verməyib, özüm almışam. Əgər kiməsə maraqlıdırsa, qəbzləri də göstərə bilərəm”. 
Yazıda adı çəkilən Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov isə bunları bildirib: “Oktyabrın 2-də qəzetdə dərc olunmuş "AAAF-İnşaat” MMC-nin rəhbəri haqda yeni şok faktlar" yazısında həqiqətə uyğun olamayan faktlar əksini tapıb. Mənim adımın hallandırılması və barəmdə yazlanlar bütünlüklə uydurma və böhtan üzərində qurulub. Məqalədə mənimlə bağlı qeyd olunan məsələlərə görə öz şərəf və ləyaqətimin təhqir olunduğunu düşünür və sizdən bu barədə təkzib verilməsini tələb edirəm. Bu yazıda “KİV haqqında” Qanun təhrif olunub və faktlar birtərəfli şəkildə əksini tapıb. Məndən bu haqda münasibət öyrənilməyib. Təkzib veriməsə və üzr istənilməsə məsələni məhkəmə müstəvisində həll etmək məcburiyyətindəyik”. 
Redaksiya qeydi: Əgər bilmədən və istəmədən bu məqalədə kimlərisə incitimişiksə, üzürxahlığımızı bildiririk.islaminsesi /

Google+ WhatsApp ok.ru