Yeni nəsil şəxsiyyət vəsiqələrində `elektron imza` işləmir

Yeni nəsil şəxsiyyət vəsiqələrində `elektron imza` işləmir

Sentyabrın 1-dən Azərbaycanda vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumat ehtiva edən daxili elektron daşıyıcısı (çip) və biometrik fotoşəkil və digər fərdi göstəriciləri olan yeni nəsil şəxsiyyət vəsiqələri tətbiq edilib.
 
Sənədin fərqləndirici xüsusiyyətlərindən biri ona əlavə edilmiş çipə elektron imzanın da daxil olmasıdır. Amma yeni şəxsiyyət vəsiqələrində elektron imza işləmir.
 
"Bu xidmət olmadan yeni şəxsiyyət vəsiqələrini nəsil sənəd kimi qələmə verməyin mənası yoxdur. Elektron imza əvvəlki şəxsiyyət vəsiqələrindən ən böyük fərqdir. Yeni şəxsiyyət vəsiqələrinin hazırlanması və verilməsi ilə bağlı olan heç bir idarə elektron imzanın aktivləşdirilməməsinin səbəbini izah etmir.
 
Rabitə, Yüksək Texnologiyalar və Nəqliyyat Nazirliyi yeni elektron vəsiqələrin verilməsinə hazır olduğunu bildirib, amma onlarda elektron imza aktivləşdirilməyib. Bəlkə ona görə ki, vəsiqələrdə e-imzanın aktivləşdirilməsi "Elektron imza" xidmətinin satışından yarım milyon gəlir əldə edən ASAN-imzaya sərf etmir?", deyə ekspert Osman Gündüz FB-də yazır.
 
O, XİN, İqtisadiyyat Nazirliyi və digər idarələrin birlikdə bu problemi həll edəcəyinə ümid edir.
 
Yeni şəxsiyyət vəsiqələrinin hazırlanması işlərini Azərbaycanın "İdrak Texnoloji Transfer" firması yerinə yetirib. Yeni identifikasiya kartlarının (İD kart) tətbiqi parlamentin "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna keçən il etdiyi dəyişikliklərdə nəzərdə tutulub.
 
Prezident İlham Əliyev 23 oktyabr 2013-cü il tarixli "AR-in "AR vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanununun tətbiq edilməsi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" fərmanına dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
 
Yeni şəxsiyyət vəsiqələrində "elektron imza" xidməti pulsuzdur, bir halda ki, hazırda ayrıca verilən "elektron imza" 3 illik verilir və bu müddət üçün birdəfəlik haqq 18 manat təşkil edir.
 
Turan agentliyinin yeni vəsiqələrdə "elektron imza"nın aktivləşdirilməməsinin səbəbi haqqında sualına cavab olaraq ASAN xidmətdən bildirblər ki, onlara vətəndaşlardan çox sayda belə sual daxil olur.
 
ASAN xidmət bu problemin səbəbi haqqında sorğu ilə DİN-ə müraciət edib. Hələlik DİN-dən cavab gəlməyib, buna görə xidmətin nə vaxt aktivləşdiriləcəyi məlum deyil.
 
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən Turan agentliyinə bildiriblər ki, vətəndaşların "elektron imza" vasitəsilə şəxsiyyətlərini təsdiq etmək üçün müraciət etdikləri dövlət idarələri bu imzaları oxuyan avadanlıqları əldə etməyib. Bəzi idarələr artıq bu aparatları əldə edib. Bütün dövlət müəssisələrində müvafiq oxuyucu qurğular alındıqdan sonra problem tamamilə həllini tapacaq. /rakurstv/
 

Google+ WhatsApp ok.ru