Yeni nəsil pasportlar hicablı şəkil problemini həll edəcəkmi? – İctimai fikrin işığında

Yeni nəsil pasportlar hicablı şəkil problemini həll edəcəkmi? – İctimai fikrin işığında

Uzun illərdir ki, bir müsəlman ölkəsi olaraq Azərbaycanda inanclı insanların hicablı halda pasport şəkli çəkdirməsinə icazə verilmir. Bu isə həmin kəsimdə müəyyən narazılıqlar yaradır. Hətta bununla bağlı bir neçə dəfə etiraz aksiyaları da keçirilib, həbslər də olub. Qadağaya səbəb isə hicablı fotoda üzün tanınmaması göstərilir. Amma indi Azərbaycanda yeni nəsil pasportlar istifadəyə verilir. Yəni məsələ bundadır ki, biometrik pasportlarda hicabla əks olunan fotolar üzün tanınmasında problem yaratmır.
 
Qeyd edək ki, xristian ölkəsi olan Ukraynada da buna icazə verilib. Bütün bunları nəzərə alaraq artıq hicablı pasport şəklinə icazə vermək düzgün olmazdımı?
 
Maide.Az "İslaminSesi"ə istinadla  inanclı kəsimi maraqlandıran bu suala ictimai-siyasi xadimlərin, ilahiyyatçı və adi vətəndaşların vasitəsilə aydınlıq gətirməyə çalışmışıq.  
 
Eldəniz Quliyev (Azərbaycan Ziyalılar Birliyinin sədri): Ümumiyyətlə, hicabla şəkil çəkdirib pasport alınmasına yasaq qoyanlar kökündən yanılır və çox böyük qanunsuzluq edirlər. Hicabla şəkil çəkdirmək hər kəsin halal hüququ və fundamental azadlıqlarından biridir. Biz hər zaman bu qeyri-konstitusion yasağa qarşı çıxmışıq və öz etirazımızı bundan sonra da kəskin şəkildə bildirəcəyik. Başqa cür ola da bilməz. İnanıram və əminəm ki, sonucda hakimiyyət də etdiyi səhvi anlayacaq və tez bir zamanda bu süni düyün açılacaq.
 
Kamran Əsədov (ictimai xadim): - İlk növbədə qeyd etmək istəyirəm ki, yeni nəsil şəxsiyyət vəsiqələrində vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdirilir. Bunu ona görə qeyd edirəm ki, köhnə şəxsiyyət vəsiqələrində insanın tanınması üçün çiyindən yuxarı bütöv görünüşü əsas götürülürdü. Məhz bu fakt səbəb gətirildiyindən inanclı xanımların şəxsiyyət vəsiqəsi üçün hicabla şəkil çəkdirmələrinə icazə verilmirdi. Biometrik şəxsiyyət vəsiqələrində isə insanı tanımaq üçün yalnız üz cizgiləri kifayət edəcək. Hicab isə heç bir halda üz cizgilərini məhdudlaşdırmır.
 
Nəzərə alsaq ki, baş örtüyü onların gündəlik geyim tərzidir və şəxsiyyət vəsiqəsi üçün gündəlik görünüş, şəxsin özünün geyim tərzi və seçimi nəzərdə tutulur, o zaman hicabla şəkil çəkdirməkdə bir problem yoxdur.
 
Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericik aktları xanımların hicablı formada şəxsiyyət vəsiqəsi üçün şəkil çəkdirmələrini qadağan etmir. Hesab edirəm ki, bu, insanların özünüifadə formasıdır. Əgər geyim hüquq pozuntusunun törədilməsi ilə müşahidə olunmursa, o zaman şəkil çəkdirərkən vətəndaşın libasını məhdudlaşdırmaq qadağandır.
 
Azərbaycan müstəqil, demokratik dövlətdir. Bütün insanların hüquq və azadlıqları təmin olunub. Bu istiqamətdə heç bir problem yoxdur. Ona görə də düşünürəm ki, belə hallar ölkəmizin imicinə xələl gətirir. Biz dünyaya nümunə olacaq dərəcədə tolerant ölkəyik.
 
Rafiq Məhərrəmli (ölkə vətəndaşı): - Əvvəla onu deyim ki, haram yerlərin naməhrəmlərdən qorunmasının vacibliyi haqda Quran ayəsi də var. Yəni bu bir Allah əmridir. Bu baxımdan qadınlarımızın hicablı olması vacibdir. Əlbəttə, müsəlman qadının geyim tərzi təkcə bununla məhdudlaşmır. Amma söhbət hicablı pasport şəklindən gedirsə, onu deyə bilərəm ki, Azərbaycan bir müsəlman ölkəsi, ümumiyyətlə müsəlman dünyasının bir subyekti olaraq belə məsələləri diqqətdən qaçırmamalıdır. Ölkə əhalisinin mütləq əksəriyyəti müsəlmanlardan ibarətdir, İslam dininə sitayiş edirlər, inanclı insanlardır. Şübhəsiz ki, bir vətəndaş olaraq onların da hüquqları qorunmalıdır.
 
Əlbəttə, mən başa düşürəm ki, pasport şəklinin hicablı olmasının üz tanınması baxımından problem yaratdığı əsas gətirilir. Amma biometrik pasportlarda belə bir problem olmadığı üçün, düşünürəm ki, artıq bu məhdudiyyətin rəsmi şəkildə aradan qaldırılmasının vaxtı çatıb. Nümunə üçün deyim ki, hətta bir sıra xristian ölkələrində də hicablı pasport şəkli çəkdirməyə icazə verilib. Ümidvaram ki, bizdə də bu problem aradan qaldırılacaq.
 
Araz Mehrəli Şiyəkəranlı (ilahiyyatçı yazar): - Əlbəttə, xüsusilə biometrik pasportlar veriləndən sonra hicablı şəkillər problem yaratmayacaq. Ona görə də mənim gözləntilərim ondan ibarətdir ki, bu məsələ yaxın zamanlarda öz həllini tapacaq.
 
 
 
 
Elxan Şükürlü (politoloq): - Mən hicablı insanların hüquqlarına həmişə hörmətlə yanaşılmasının tərəfdarı olmuşam. Ən azından ona görə ki, öz qohumlarım, doğmalarım arasında xeyli sayda hicablı xanımlar var. Eyni zamanda, qəbul etmək lazımdır ki, açıq-saçıq, mini geymək kiminsə haqqıdırsa, hicab geymək də bizim xanımların haqqıdır. Ancaq insanlar hicabın mahiyyətini anlayaraq onu geyinməlidirlər. Amma çox təəssüf ki, hicab məsələsi bizdə daha çox siyasi mahiyyətli bir problem sayılır. Daha doğrusu, Azərbaycanı öz milli-mənəvi dəyərlərindən, o cümlədən dini inanclarından və adətlərindən uzaq salmağa çalışan müəyyən xarici güc mərkəzləri hicaba həm də onların təbliğ etdikləri həyat tərzinə, ideologiyaya qarşı bir sədd kimi baxırlar. Hicab İslam inancına bağlı insanların atributlarından biridir və hicaba qarşı olmağın mahiyyətində əslində İslama qarşı olmaq məkri gizlənir...
 
Hesab edirəm ki, Azərbaycan dövləti gücləndikcə, onun yad təsirlərə qarşı müqavimət potensialı artdıqca, öz ənənəvi dəyərlərinə sahib çıxma hissi də güclənəcək və bizim cəmiyyət belə problemlərlə yüklənməyəcək. Eyni zamanda, ümid edirəm ki, texnoloji yeniliklərdən istifadə təcrübəsi yarandıqca, hicablı fotoşəkillərlə pasport verilməsi də müsbət həllini tapacaq.
 
Hilal Məmmədov (hüquq müdafiəçisi): - Hicabla pasport şəkli çəkdirmək tamamilə hüquqi və qanuni çərçivədədir. Buna heç bir yasaq qoyula bilməz. Biometrik pasportdan sonra isə buna heç kəsin bəhanəsi ümumiyyətlə qalmır.
 
Tural Abbaslı (Ağ Partiya sədri): - Mən bu məsələnin əslində artıq çoxdan həll olunmalı olduğunu düşünürəm. İstənilən dövlət öz vətəndaşlarının dini hissiyyatlarını nəzərə almaq məcburiyyətindədir. Həm də nəzərə alsaq ki, Azərbaycan əhalisinin 90%-indən artıq bir hissəsi İslam dininə etiqad edir, o zaman bizdə hələ də bu problemin qalması anlaşılmazdır.
 
Sizin də qeyd etdiyiniz kimi, artıq uzun müddətdir ki, müasir texnoloji vasitələr üztanıma funksiyasını asanlaşdırıb. Yəni artıq primitiv formada guya yalın gözlə üz tanımaq bəhanəsiylə inanclı insanların haqqını pozmaq olmaz. Mən Azərbaycan iqtidarını tez bir zamanda bu məsələnin birdəfəlik həlli istiqamətində lazımi addımları atmağa çağırıram.

Google+ WhatsApp ok.ru