Yeni tərtib olunan siyasi məhbus siyahısında inanclı kəsimdən kimlərin adları var?

Yeni tərtib olunan siyasi məhbus siyahısında inanclı kəsimdən kimlərin adları var?

 

Azərbaycanda həllini tapmayan problemlərdən biri də siyasi məhbus məsələsidir. Təəssüflər olsun ki, ölkədə hələ də, siyasi baxışlarına və fəaliyyətlərinə görə, həbs edilən kifayət qədər məhbus var. Hökumət tərəfindən imzalanan əfv fərmanları ilə ölkə həbsxanalarında cəza çəkən siyasi məhbuslardan bir qismi azadlığa çıxsa da, ümumilikdə problem tam olaraq həllini tapmır. Üstəlik siyasi baxışlara görə yeni-yeni həbslərin baş verməsi siyahının uzanmasına səbəb olur. Qeyd etmək lazımdır ki, bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda siyasi məhbus probleminin kökündən həll edilməsi üçün səy göstərir. Bu məqsədlə ölkə həbsxanalarında cəza çəkən siyasi məhbusların siyahısı hazırlanaraq beynəlxalq təşkilatlara təqdim edilir.  Siyasi məhbuslar arasında say çoxluğu ilə seçilən inanclı kəsimin nümayəndələrinin olmasına rəğmən, bəzi hüquq müdafiəçiləri bu mövzuda ayrı-seçkiliyə yol verirlər. Belə ki, siyasi fəaliyyətlərinə görə, həbs edilən inanclı kəsimin nümayəndələrinin və ölkə ruhanilərinin adları, siyasi məhbus siyahısından kənarda qalır.  Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrupun oktyabrın 17-də açıqladığı hesabatda isə obyektivliyin gözlənildiyi deyilir.
 
Bəs görəsən ölkənin tanınmış hüquq müdafiəçilərindən olan Leyla Yunus və Rəsul Cəfərovun təşəbbüsü ilə hazırlanan yeni siyahıda inanclı kəsimin nümayəndələrinin adlarının yer alıbmı?  Məsələdə obyektivlik gözlənilibmi?
 
Maide.Az bildirir ki, tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərov İslaminSesi-nə bildirib ki,  2012-2014-cü illərdə tərtib olunan siyahıya daxil edilən inanclı kəsimin nümayəndələrinin adları yeni siyahıda da, əks olunub: “ Səid Dadaşbəyli ilə , 2012-ci il Avroviziya mahnı müsabiqəsi zamanı Nicat Əliyevlə,  Araz Quliyevlə, birgə tutulan şəxslərin, eləcə də, hicab aksiyası və son olaraq Nardaran hadisələri ilə bağlı  həbs olunan inanclıların adları yeni siyahıya salınıb. Həmçinin AİP sədri Doktor Mövsüm Səmədovun, ilahiyyatçı alim hacı Abgül Süleymanovun adları da siyahıda tanınmış siyasi məhbuslar sırasında yer alıb.  Eyni zamanda hazırladığımız siyahıda 45 nəfərin adının daxil olduğu hissə mövcuddur.  İşləri monitorinq altında olan məhbuslar adlanan siyahıya demək olar ki, inanclıların adı salınıb. Tərtib etdiyimiz siyahı Avropa Şurasının 2012-ci ilin oktyabr ayında qəbul etdiyi qətnamədəki kriteriyalar əsasında hazırlanıb. Çünki  Avropa Şurasının üzvü olan Azərbaycan üçün həmin kriteriyaların əsas götürülməsi vacibdir”.
 
Rəsul Cəfərovun sözlərinə görə,  sənədi imzalayan və siyahını tərtib edən şəxslər sırasında İntiqam Əliyevin,  Anar Məmmədlinin, Şahvələd Çobanoğlunun,  Xədicə İsmayılın və digər tanınmış insanların adları var.  Ümumilikdə 20-dən artıq şəxsin imzası ilə siyahı təsdiqlənib.  
 
 
 

Google+ WhatsApp ok.ru