Yeni yol islahatları sərnişinlərin `cibinə girir` - Avtovağzaldan REPORTAJ, FOTOLAR

I Avropa Oyunları zamanı yollarda sıxlığın azaldılması məqsədilə bir çox islahatlar  həyata keçirildi. Bunlardan ən əsası rayon qeydiyyatı olan avtomobillərin şəhərə buaxılmaması oldu. Bu avtomobillər üçün şəhərin giriş istiqamətlərində dayanacaqlar yaradıldı.
 
Nəqliyyatda tətbiq olunan digər bir yenilik Bakıətrafı qəsəbələrdən gələn marşrut avtobuslarının dayanacağının dəyişdirilməsi və 20 Yanvar istiqamətində hərəkət edən avtobusların son dayanacağının avtovağzala yönəldirillməsi oldu. Təbii ki, bu müvəqqəti də olsa, şəhərdə tıxacların qarşısını aldı. 
 
Bəs görəsən marşrut avtobuslarının öz əvvəlki xətləri üzrə hərəkəti bərpa ediləcəkmi?  
 
Məsələ ilə bağlı hazırki vəziyyəti araşdırmaq üçün avtovağzala üz tuturuq. Məlum oldu ki, marşrut xətlərinə edilən müvəqqəti dəyişikliklər hələ də qüvvədədir. Bakı kəndlərindən, qəsəbələrindən gələn sərnişinlər avtovağzalda düşüb, 20 Yanvar metrostansiyası istiqamətində hərəkət edən marşrutlara minməli olurlar.
 
Şəhər istiqamətində heç bir alternativ yol olmadığı üçün yalnız avtovağzal vasitəsi ilə getmək mümkündür. Bu isə əhali arasında narazılığa səbəb olur. Dayanacaqlarda marşrut gözləyən sakinlərlə həmsöhbət olduq.
 
Hər gün 167 nömrəli marşrutdan istifadə edən Abşeron rayon sakini Teymur Rzayev nəqliyyatın fəaliyyətindən narazıdır: "Yaşadığım Qobu qəsəbəsinin 10 minə yaxın əhalisi var. Lakin marşrut avtobusları çox balacadır. Qəsəbəyə gələn marşrut xətlərinə az sayda avtobus buraxılıb. Marşrutların əvvəlki qaydaya qayıtmaması, həm yolumuzu, həm də büdcəmizə təsir edir. İkiqat yol xərcimiz çıxır. Hər gün 40 qəpik artıq ödəyirik. Əvvəl qəsəbədən 20 Yanvara 30 dəqiqəyə çatırdıqsa, indi 1 saata güclə çatırıq. 20-25 dəqiqə avtovağzalda ləngiyirik".
 
Digər bir narazı Sulutəpə sakini olan Süleyman adlı şəxs işə gedib-gələrkən çox əziyyət çəkdiyini dedi:"Əhmədli metrostansiyası yaxınlığında işləyirəm. Marşrutların dayanacağının avtovağzala köçürülməsi işimizi çətinləşdirib. Sulutəpədən birbaşa 20 Yanvar metrostansiyasın gedirdim, oradan isə işimə... İndi zülmdəyəm". 
 
Sərnişinlər onu da dedi ki, burada qazanan marşrut sürücüləridir: "Məsafə nə qədər azalsa da, bu gediş haqlarına təsir etməyib. Sulutəpə istiqamətində hərəkət edən 158 nömrəli marşrut həmişəki kimi sərnişinlərdən 30 qəpik yol haqqı alır. Əgər məsafə azalıbsa, niyə gediş haqqı azalmır".
 
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov musavat.com-a açıqlamasında bu durumu dəyərləndirib: “I Avropa Oyunlarından sonra Bakıətrafı qəsəbələrdən gələn avtobuslar şəhərə buraxılmalı idi. Yol Hərəkəti Təhlükəzilik Komissiyası qərar qəbul edib ki, Bakı şəhərində ictimai nəqliyyatın optimallaşdırılması ilə bağlı sentyabra qədər tədbirlər görülsün. Hər halda onu da gözləyək. Amma optimallaşma o deməkdir ki, insanlar şəhərin istənilən yerlərində, yaşadıqları yerdən digər ünvana rahat şəkildə çatmalıdır. Şəhərdən kənarda bütün avtobusların hamısını avtovağzala yönəltmək çox kobud yanlışlıqdır. Bu, sərnişin axınında ciddi problem yaradır. Süni şəkildə sahibkarlar pul qazanırlar. Çox təssüf ki, belə hallara rast gəlirik. Bir avtobusla gedənlər, məcbur olub, indi iki avtobus dəyişirlər. Bu, yalnış bir qərardır. Sərnişin axınının ritmini pozan bir sistemdir. Burada optimallıqdan söhbət gedə bilməz. Oyunlardan sonra dərhal əvvəlki xətlər bərpa olunmalı idi".
 
Daha bir məqam avtovağzala girişin ödənişli olmasıdır. Nəzarət buraxılış məntəqəsinin üzərinə “giriş haqqı 1 manatdır” lövhəsi vurulub. Avtovağzala daxil olan sürücülər hər dəfə buna görə 1 manat ödəməli olurlar. 
 
Adının hallanmasını istəməyən sürücülər bu vəziyyətdəndə narazıdır: "Məcbur olub, taksi qiymətlərini 2 manat bahalaşdırdıq. Çünki sərnişini aparıb, ünvana çatdırdıqdan sonra yenidən avtovağzala qayıdırıq, yenə 1 manat ödəməli oluruq".
 
Ekspert avtovağzala giriş qiymətinin ödənişlə həyata keçirilməsinə də toxundu: "Əslində 1 manatlıq ödəniş  dayanacaqlardan istifadə üçün tətbiq edilir. Lakin elə sürücülər var ki, dayanacaqlardan istifadə etmirlər, sərnişini düşürdüb, gedirər. Bir tərəfdən, girişin pullu olmaması müəyyən sıxlıq yarada bilər. Bununla belə, optimal variant tətbiq etmək olar ki, avtovağzala taksilər və ya fərdi avtomobillər müəyyən meyarlar ilə sərbəst daxil olsunlar. Sərnişinləri düşürdüb, dərhal oranı tərk etsinlər. Bu şəkildə ödənişi ləğv etmək və sıxlığın qarşısını almaq olar". musavat /
 





















Google+ WhatsApp ok.ru