YENİLİK: Məktəbəhazırlıq qrupları və 1-ci siniflər üçün dərsliklər artıq bir tədris ili ərzində istifadə olunacaq

YENİLİK: Məktəbəhazırlıq qrupları və 1-ci siniflər üçün dərsliklər artıq bir tədris ili ərzində istifadə olunacaq

Dövlət ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qrupları və 1-ci sinifləri üçün istehsal olunan bütün kağız dərsliklər artıq 1 tədris ili ərzində istifadə olunacaq və hər il yeniləri ilə əvəzlənəcək.
 
Maide.Az bildirir ki, bunu Trend-ə Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin baş məsləhətçisi Vüsalə Əliyeva deyib.
 
Onun sözlərinə görə, hazırda bütün kağız dərsliklər bir qayda olaraq, 4 il ərzində istifadə olunur: "Bu zaman məktəb təhsilinə yenicə başlayan məktəbəhazırlıq qruplarında təhsilalanların və birincilərin dərslikləri elə ilk istifadə ilində zədələməsi halları baş verir. Belə olduğu təqdirdə digər tədris illərində həmin dərsliklərdən istifadə etməli olan şagirdlərə zədələnmiş dərsliklərin verilməsi ehtimalı yaranırdı. Bu isə məktəb həyatına yeni başlayan şagirdlərin öyrənmə motivasiyasının azalmasına, dərslikdəki materiallarla işləmə zamanı çətinliklərin yaranmasına və s. səbəb ola bilirdi".
 
V.Əliyeva əlavə edib ki, ötən tədris illərinin statistikası da ən çox zədələnməyə məruz qalan və ya yararsız hala düşən dərsliklərin ilk onluğunda olan dərsliklərin hamısının məhz I siniflərə aid olduğunu göstərir.
 
Nazirlik rəsmisinin sözlərinə görə, ibtidai təhsil səviyyəsi üçün dərsliklərin istifadə müddətinin daha qısa müddətli və ya birdəfəlik təyin edilməsi beynəlxalq təcrübəyə də uyğundur: "Hətta Azərbaycanın öz təcrübəsinə də nəzər yetirsək, əvvəlki illərdə (sovet dövrü və müstəqillik illərinin əvvəllərində) 1-ci sinif dərsliklərinin (məsələn, Əlifba) şagirdlərə hədiyyə olaraq verildiyini görə bilərik".
 

Google+ WhatsApp ok.ru