İş yerləri açılır, işsizlik qalır...

İş yerləri açılır, işsizlik qalır...

-- Ölkənin əməkqabiliyyətli əhalisinin ancaq 32 faizi ali və orta ixtisas məktəblərində təhsilə yiyələnib

«Novoye Vremya» qəzetində «İş yeri hamıya yetməz, xüsusən gənclərə» sərlövhəli yazı diqqət çəkir.
 
Yazıda bildirilir ki, son dövrlər işçi qüvvəsi və işsizliklə bağlı müxtəlif bəyanatlar səslənir:
 
«Bir tərəfdən bu barədə danışılması yaxşıdır, digər tərəfdən isə bu problem müəyyən müddət ərzində yaranıb, bir neçə illər öncədən buna sadəcə diqqət yetirilməyib».
 
Müəllifin xatırlatmasına görə, bu günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildiriblər ki, son 14 ildə ölkədə 2 milyona yaxın iş yeri yaradılıb. 2025-ci ilə kimi isə daha 450 min nəfərlik iş yeri yaradılacağı gözlənir.
 
Müəllif hesab edir ki, hətta bu qədər yeni iş yerləri açılarsa belə, bu tam işsizlik problemini yoluna qoya bilməz.
 
Yazıda qeyd edildiyinə görə, nazirlikdən bildiriblər ki, gənclər arasında əməkqabiliyyətli əhalinin xüsusi çəkisi yaxın illərdə 59 faizdən 68 faizə yüksələcək.
 
Müəllif vurğulayıb ki, ölkədə xüsusilə orta ixtisas təhsilli işçilərə tələbat kəskin azalıb. Bu da işsizliyi doğuran başlıca səbəblərdəndir.
 
Müəllifin fikrincə, əmək bazarının əsas problemlərindən biri də qadınlar və gənclər arasında işsizlik payının yüksək olmasıdır.
 
Yazıda bildirilir ki, ölkənin əməkqabiliyyətli əhalisinin ancaq 32 faizi ali və orta ixtisas məktəblərində təhsilə yiyələnib. Qəzet əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdan sitat da gətirir:
 
«Orta məktəb məzunlarının tən yarısı hansısa tədris müəssisəsində ixtisas qazanmağı vacib saymır. Ölkədə iş axtaranların nə təhsili, nə peşə keyfiyyətləri, nə təcrübələri indiki əmək bazarının tələblərinə uyğundur. Bu da ölkədə işsizliyin əsas səbəblərindən biridir».
 
Yazıda rəsmi statistikaya istinadən bildirilir ki, ölkədə işsizliyin ümumi səviyyəsi 5, gənclər arasında isə 9 faizdir. Ancaq qəzetə danışan ekspertlər işsizlik səviyyəsinin bundan dəfələrlə yüksək olduğunu bildiriblər.
 
Yazıda vurğulanır ki, yaşla bağlı pensiyaya çıxmağın müddətinin uzadılması da gənclər arasında işsizliyin artmasına təsir göstərir.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru