Yer üzünə sahib olacaq Allahın saleh bəndələri

Yer üzünə sahib olacaq Allahın saleh bəndələri

Allah-Taala Qurani-Kərimin “Ənbiya” surəsinin 105-106-cı ayələrində buyurur:

وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ إِنَّ فِي هَذَا لَبَلَاغًا لِّقَوْمٍ عَابِدِينَ

“Həqiqətən, biz Zikrdən (Tövratdan) sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin sahib olacağını yazmışdıq. Həqiqətən, bu sözdə ibadət edən bir qövm üçün moizə, öyüd-nəsihət var!”

Ayədə qeyd olunan bir neçə ifadə diqqəti cəlb edir:

1. “Ərz” yer kürəsinə deyilir.

2. “İrs” lüğətdə ticarətsiz əldə olunan mal mənasını verir. Qurani-Kərimin bəzi ayələrində isə bu söz saleh qövmün günahkar qövmə qələbəsi və hakimliyi, onların malik olduqlarını ələ keçirməsi mənasında işlədilmişdir.

3. “Zəbur” əslində kitab və yazı mənasını daşısa da, adətən, Davud peyğəmbərin “Məzamir” adlı kitabına aid edilir. Bu kitabda o Həzrətin münacatları, raz-niyaz və nəsihətlərindən söz açılır. Bir ehtimala əsasən, Qurani-Kərimdən əvvəl nazil olmuş bütün səmavi kitablar “Zəbur” adlanır.

4. “Zikr” əslində xatırlayan və yada salan hər bir şeyə deyilir. Amma uyğun ayədə “Zəbur”dan öncə qeyd olunduğu üçün Musa peyğəmbərin səmavi kitabı – Tövrat nəzərdə tutulur. Digər təfsirə əsasən, “Zikr” Qurani-Kərimə işarədir. Çünki ayələrdə bu ad Qurani-Kərimin özünə verilir və buyurulur:

إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ

O, (Quran) aləmlər üçün ancaq bir öyüd-nəsihətdir.” (“Təkvir” surəsi, ayə 27.)

Bu təfsirə əsasən, ayədə qeyd olunan “min bə`diz-Zikr” ifadəsi “Zikrdən əlavə” mənasını daşıyacaqdır. (Həqiqətən, biz Zikrdən (Qurandan) əlavə, Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin sahib olacağını yazmışdıq.)

5. “Saleh” səlahiyyətli və ləyaqətli mənasını bildirir və mütləq şəkildə qeyd edildikdə, hər bir sahədə səlahiyyətli olmağa aid edilir; elmi səlahiyyət, əxlaqi səlahiyyət, iman, təqva, agahlıq, müdiriyyət və s.

Nəticədə, ayənin mənası belədir: “Həqiqətən, biz Zikrdən (Tövratdan) sonra (və yaxud Qurani-Kərimdən əlavə,) Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin sahib olacağını yazmışdıq. Həqiqətən, bu söz ibadət edən (Allah yolunda qədəm götürən) qövmün hədəflərinə çatması üçün kifayətdir!”

Bu məsələnin “Zəbur”da (yəni bütün keçmiş səmavi kitablarda) qeyd edilməsi onun bütün səmavi kitablarda sabit bir prinsip olduğunu aşılayır. “Zəbur” dedikdə, Davud peyğəmbərin kitabı nəzərdə tutulsa da, məqsəd o Həzrətin hakimiyyətinin haqq-ədalət və insanların mənafeləri istiqamətinə yönəlməsidir. Onun hakimiyyəti bütün dünyanı əhatə etməsə də, Zəburda ona azadlıq, əmniyyət və ədalət əsasında qurulacaq cahanşümul hakimiyyət müjdəsi verilmişdi. Yəni bir zaman gələcək ki, Allahın saleh və səlahiyyətli bəndələri yer üzünün bütün miraslarına – həm maddi, həm də mənəvi hakimiyyətə varis olacaqlar.

Bu ayənin təfsiri ilə bağlı nəql olunan bir sıra rəvayətlərdə daha aydın ifadələr də göz çarpır. O cümlədən, “Məcməul-bəyan” kitabında həmin ayənin təfsirilə bağlı İmam Baqirdən (ə) belə nəql olunur:

هم اصحاب المهدى فى آخر الزّمان

“Allahın saleh bəndələri axır zamanda Mehdinin (ə) səhabələri olacaqlar.” Onlar bu böyük missiyaya layiq görüləcək və yer üzünün varisi olacaqlar.

Bu məsələ “Əhdi-Qədim” (Tövrat) kitabının bir hissəsini təşkil edən Davud peyğəmbərin “Məzamiri” kitabında fərqli ifadələrlə qeydə alınmışdır. Məsələn, “otuz yeddinci məzmur”da belə deyilir: “Şər insanların nəsli kəsiləcək və Allaha təvəkkül edənlər yer üzünə sahib olacaqlar. Bilin ki, az müddətdən sonra şər insanlar olmayacaq və onları məkanlarında görməyəcəksən. Amma hikmət sahibləri yer üzünün varisinə çevriləcəklər.”

“Otuz yeddinci məzmur”un digər bir yerində başqa ifadələrlə belə deyilir: “Allahın bərəkətli bəndələri yer üzünə sahib olacaqlar. Amma Onun lənətinə gələnlərin nəsli kəsiləcək. Doğruçular yer üzünün varisi olacaq və orada əbədi yaşayacaqlar.”

Göründüyü kimi, Qurani-Kərimdə buyurulan “salihun” (saleh bəndələr) ifadəsi geniş məna daşıyır və hikmət sahibləri, doğruçular, Allaha təvəkkül edənlər və bərəkətli bəndələrə də şamildir.

Qeyd etdiyimiz kimi,إِنَّ فِي هَذَا لَبَلَاغًا لِّقَوْمٍ عَابِدِينَ  (Həqiqətən, bu söz ibadət edən bir qövmün hədəflərinə çatması üçün kifayətdir!) – ifadəsindən anlaşılır ki, yer üzünə hökmranlıq saleh bəndələrin axırıncı hədəfi deyil, əksinə onların sonuncu hədəfə, yəni insanın hər bir sahədə təkamülə çatması üçün bir vasitədir. “Bəlağ” sözü də “insanı hədəfə çatdıran vasitə” mənasını bildirir. (“Hokuməte cahaniye Həzrət Mehdi (ə.c)”, Ayətullah əl-üzma Məkarim Şirazi, səh.30-33.)

Tərcümə etdi: Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru