Yüksək balla kənarda qalan 3 abituriyentin taleyi necə olacaq?

Yüksək balla kənarda qalan 3 abituriyentin taleyi necə olacaq?

Xanlar Xanlarzadə: “Əgər istəsələr, boş qalan yerlər üçün müsabiqədə iştirak edə bilərlər”
 
Etibar Əliyev: “Kənarda qalan abituriyentlər üçün biz də narahatçılıq keçiririk”
 
2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin 42669 plan yerlərinin (müsabiqədənkənar plan yerləri xaric) müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11775 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ancaq 620, 640, 660 bal yığan 3 abituriyent isə heç bir ali məktəbə daxil ola bilməyib.
 
Səbəb isə 15 ixtisas seçimi etmək haqları olduğu halda onlar 1-2 ixtisas seçiblər. seçdikləri ödənişsiz əsaslı fakültələrin balı isə onların topladıqları baldan yüksək olub. Məsələn, III ixtisas qrupunda 660 baldan yuxarı toplayanlar hüquq fakültəsinin ödənişsizini yazıb. Bu il isə hüquqda keçid balı 671 oldu. Onlar isə 660 balla kəsiliblər. Bu abituriyentlər necə psixoloji sarsıntı keçirdiklərini təsəvvür etmək mümkündür. Hətta abituriyentlər imtahan ərəfəsinə o qədər həssaslıqla yanaşır ki, onlar az bal yığdıqda və ya ali məktəbə qəbul ola bilmədikdə özlərinə zərər verir, hətta intihara belə əl atırlar. Məhz yüksək bal yığan bu 3 abituriyentlə bağlı da sosial şəbəkələrdə müzakirələr getdi. Kimiləri onlara şans verilməsini və hansısa ali məktəbə imtahansız qəbul olunmaları təklifini irəli sürdü, kimiləri 250 bal yığan bir abituriyent ali məktəbdə təhsil ala bilirsə, 600-dən yuxarı bal yığan bu abituriyentlərin kənarda qalmasının ədalətsizlik olduğunu bildirir.
 
Maraqlıdır, yüksək nəticə göstərən bu 3 abituriyentin ali təhsil almasını təmin etmək mümkündürmü?
 
Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirdi ki, abituriyentlərin boş qalan yerlər üçün keçiriləcək müsabiqədə iştirak etmək hüququ var: “Burada kimisə günahlandırmaq lazım deyil. Bu abituriyentin öz seçimidir. Biz abituriyentlərə icazə vermişik ki, onlar 15-ə qədər ixtisasın kodunu öz ərizələrində göstərsinlər. Ancaq bu mütləq deyil ki, o 15-ə qədər ixtisasın kodunu yazmalıdır. Elə abituriyentlər var ki, doğrudan da onların aydın məqsədləri var. Yəni onlar qarşılarına məqsəd qoyurlar ki, biz filan ixtisasın dövlət sifarişi üzrə yerlərinə daxil olacağıq. Bu abituriyentlərin məqsədi bir ixtisasa qəbul olunmaqdır. Onlar ərizələrində yalnız həmin ixtisası göstərirlər. Yüksək bal toplayan bu abituriyentlərdə öz ərizələrində dövlət sifarişli yerləri yazıblar. Tutaq ki, orada bir abituriyent var Bakı Dövlət Universitetinin hüquq fakültəsini ödənişsiz əsaslarla yazıb, bir də Dövlət İdarəçilik Akademiyasını. Cəmi bu iki fakültəni yazıb və müsabiqə nəticəsində də qəbul olmayıb. 4-cü ixtisas qrupundan olan bir nəfər isə müalicə işinin dövlət sifarişli yerini yazıb. Yalnız bir fakültə yazıb. Müsabiqə nəticəsində də ora daxil olmayıb. Bu həmin abituriyentlərin öz seçimidir. Əgər bu 3 abituriyent istəsə, boş qalan plan yerləri müsabiqəsində iştirak edə bilərlər. Yəni bu abituriyentin hüququdur”.
 
“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev bunların maddi problemlə bağlı olduğunu dedi: “Dövlət İmtahan Mərkəzinin abituriyentlərin düzgün seçim etmələri barədə maarifçilik işləri təqdirəlayiqdir. Nəşr və elektron versiyada kifayət qədər abituriyentlərə bilgilər verilir. Bəzi abituriyentlərin aydın istəkləri var. Yüksək bal toplayıbsa, istədiyi ödənişsiz ixtisasa düşməlidir. Yüksək bal toplayıb ali məktəblərə daxil olmamağın bir səbəbi düzgün olmayan kodlaşdırma ilə bağlıdırsa, digər səbəbi isə maddi problemlərlə bağlıdır. Yüksək bal toplayan abituriyentlər nəticələrinə uyğun daha çox risk edirlər. Riskləri azaldan isə maddi durum ola bilər. Yəni qeyd etdiyiniz balla abituriyentlər istədiyi ixtisasın ödənişli kodunu qeyd etsəydilər ali məktəblərə daxil ola bilərdilər. Təəssüflər olsun ki, həmin ixtisasların ödənişi həddindən artıq çoxdur. Və görsənir ki, həmin uşaqlar kasıb təbəqənin nümayəndələri olublar. Məncə bunu faciəyə çevirmək də lazım deyil. Bəlkə də müqayisə yersizdir. Ancaq maraqlı bir analogiyanı qeyd edim. Sovet vaxtı bizim nəslin abituriyentləri vurulduqları ixtisaslara daxil olmaq üçün illərlə ali məktəblərə ayaq döyürdülər. Maraqlıdır ki, həmin ixtisaslar indi yüksək bal toplayan abituriyentlərin ixtisasları ilə eynidir. Hüquq və tibb. Qəribədir ki, həmin illər qəbul prosesində haqsızlıqlar da olurdu, amma sarsıntı keçirən, intihar edən yox idi. O vaxt müəllimlərimiz də bizə dayaq dururdular. Bizlərə təskinlik verirdilər, ancaq indi təəssüflər olsun ki, belə deyil”.
 
E.Əliyev bildirdi ki, onlar növbəti ildə də yüksək nəticə göstərə bilər: “Kənarda qalan abituriyentlər üçün biz də narahatçılıq keçiririk. Bir il geri düşmək gənclərin psixikasını pozmamalıdır. Onsuz da onlar topladıqları bala görə indi boş qalan yerlərin heç birini seçməyəcəklər. Bir məsələni də qeyd edim ki, son zamanlar abituriyentlərə düzgün yol göstərməyən, onların çaşdıran ekspertlər, xeyli sayda müəllimlər, kodlaşdırma ”ustaları" peyda olub. Onlar uşaqları ixtisas seçməkdə dolaşdırırlar. Hər halda qabiliyyətli abituriyentlər Dövlət İmtahan Mərkəzinin maarifləndirmə prosesini düzgün əxz etsəydilər, səhvlərdən qaçmış olardılar". (musavat) /

Google+ WhatsApp ok.ru