Yollar bərbad, evdə qaz yox, su da kəsilib - kommunal ödənişlərimiz hara gedir? - Sorğu

Yollar bərbad, evdə qaz yox, su da kəsilib - kommunal ödənişlərimiz hara gedir? - Sorğu

Son günlər paytaxtda yağan aramsız yağışlar, havaların soyuması bir çox sahələrdə ciddi problemlər yaratdı. Yağışlar yolları keçilməz hala saldı. Hətta elə məhəllələr oldu ki, insanların evləri su ilə doldu. Bəzi evlərdən insanları FHN işçiləri təxliyə etdi. Bununla birlikdə evlərdə kommunal xidmətlər də çox ciddi şəkildə problemə çevrildi. Suların kəsilməsi ardınca, qazın da təzyiqinin azaldılması insanları lap çıxılmaz duruma saldı. Bu durumla bağlı verilən arayışlar, izahlar isə problemlərə heç cür haqq qazandırmır və qənaətbəxş hesab edilə bilməz.
 
Kinorejissor Eldəniz Quliyev Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, hakimiyyətin daxili siyasətində bütün sahələrə irad bildirmək üçün səbəb var: “Ölkədə əslində tək kommunal xidmətlər deyil, ümumiyyətlə heç bir xidmət sahəsi normal işlək durumda deyil. Bu hakimiyyətin daxili siyasətində bütün sahələrə irad bildirmək üçün səbəb var. Amma son zamanlar bir-iki gün yağan yağışlar nəticəsində paytaxtın iflic duruma düşməyi artıq idarəçiliyin olmamasından xəbər verir. Küçələrdə baş verən acınacaqlı durumdan belə göründü ki, şəhərin yiyəsi yoxdur. Eyni zamanda havaların soyuması evlərə verilən qazın həcmində ciddi problemlər yaratdı. Azərbaycan qaz ixrac edən bir ölkə olmasına baxmayaraq, ölkə əhalisi soyuq havalarda qaz olmaması səbəbi ilə əziyyət çəkir. Eyni zamanda qaz yox, işıqlar sönür, yollar keçilməz durumda və s. Əslində bu rəmzi olaraq hakimiyyətin idarəçiliyinin əsl durumunu göstərir. Belə görünür ki, xalqın kütləyə çevrilməsi prosesinə maraqlıdırlar. Əslində xalqın kütləyə çevrilməsi üçün əhali bu cür sosial, kommunal problemlər içində yaşamalıdır”.
 
Hüquq Müdafiəçisi Mirvari Qəhrəmanlı Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, yerli icra orqanları öhdəliklərini unudublar: “İnsan orqanizimin “kor bağırsağına” oxşayan MİS-lər çoxdan ləğv edilməli idi. Bələdiyyələrin bu gün müstəqil bir quruma çevrilməsi çox əhəmiyyət kəsb edir. İndi həm bələdiyyənin, həm MİS-lərin olması hər iki qurumu bir birinə arxayın edib. Heç kim deyə bilməz ki, MİS-lər bu gün nə ilə məşğuldurlar. Onlar bu gün sadəcə lift və zibil pulu yığmaqla məşğuldurlar. Bələdiyyələr isə öz tabeliyində olan torpaq sahələrinin satılması ilə məşğuldurlar. Əslində yerli icra orqanlarının yadlarından belə çıxıb ki, onların öhdəliklərinə nə düşür. Nə qədər ki, səlahiyyət bölgüsü aparılmayıb ölkədə belə vəziyyət davam edəcək. Dünyanın bir çox böyük şəhərlərində sadəcə şəhər bələdiyyələri var. Bu bələdiyyələr isə hansı səlahiyyətləri daşıdığını çox gözəl bilir. Bu baxımdan MİS-lərə heç bir ehtiyac yaranmır. Ölkədə bələdiyyələr inkişaf etsə, bu gün gördüyümüz bütün problemlər cari həllini tapa bilər”.
 

Google+ WhatsApp ok.ru