Yol polisi maşınınızı yalnız bu hallarda saxlaya bilər...

Dəfələrlə yol polisinin sürücüyə avtomobili"Saxla!" əmrini verməsi, sürücünün isə buna məhəl qoymaması ya ağır qəzalara, ya da ağır cəzalara səbəb olur. Bəzi sürücülər qaydaları pozduğu üçün polisə tabe olmaq istəməsə də, bəziləri ümumiyyətlə onu nə üçün saxlaması ilə bağlı DYP əməkdaşı ilə mübahisəyə əl atırlar. Bəs, yol polis əməkdaşı sürücüdən avtomobili saxlamasını hansı hallarda tələb edə bilər?
 
Yol hərəkətinin təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov bu barədə interaz-ın sorğusunu cavablandırıb. “Yol hərəkəti haqqında” Qanunun 85-ci maddəsi, habelə “Yol-patrul xidməti haqqında” Təlimat yol-patrul xidməti inspektoru tərəfindən sürücüyə nəqliyyat vasitəsini dayandırmaq barədə göstəriş vermək üçün əsasları belə müəyyən edir:
 
1) nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə və ya xüsusi texniki vasitələrdən istifadə etməklə müəyyən olunduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə digər DYP əməkdaşından məlumat daxil olduqda;
 
2) nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda;
 
3) analoji nəqliyyat vasitəsinin (rənginə, markasına və xüsusi əlamətlərinə görə) axtarışda olması;
 
4) nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda;
 
5) sürücü və ya nəqliyyat vasitəsinin digər yol hərəkəti iştirakçıları və ya polis əməkdaşlarına yardım göstərilməsi üçün cəlb edilməsi zərurəti;
 
6) hərəkətin xarakteri sürücünün nəqliyyat vasitəsini idarə etmək qabiliyyətində olmasına şübhə doğurduqda (nəqliyyat vasitəsinin əsaslandırılmamış aşağı sürətlə idarə edilməsi, hərəkət zolağında düzgün yerləşdirilməməsi, o cümlədən, yolun çiyninə qismən çıxmaq, əsassız tormozlama və ya sürətləndirmə və digər hallar) və bu hal digər hərəkət iştirakçılarına təhlükə yaratmasını ehtimal etməyə əsas verdikdə;
 
7) nəqliyyat vasitəsinin texniki vəziyyətinin normalara uyğunsuzluğu müəyyən edildikdə, banının hissələrinin zədələri olduqda və daşınan yük dağıldıqda və ya hərəkət üçün təhlükə yaratdıqda;
 
8) nəqliyyat vasitəsinin alın şüşəsində müvafiq texniki baxış talonu olmadıqda;
 
9) xüsusi tədbirlər keçirildikdə (yaxalama, reyd və digər);
 
10) «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş sənədlərin yoxlanılması məqsədilə yalnız stasionar yol-patrul xidməti postlarında;
 
11) nəqliyyat vasitəsi və ya onun sahibi barədə mərkəzi məlumat sistemində olan məlumatların uyğunsuzluğu aşkar edildikdə.
 
Göründüyü kimi, sürücünün sadəcə sənədlərini yoxlamaq üçün onun avtomobilini yalnız yol-patrul xidmətinin stasionar postlarında saxlamaq olar. Özü də belə hallarda da əslində hər kefin istəyən avtomobili saxlamaq olmaz. Sənədləri yoxlamaq üçün adətən, konkret tədbirlərlə bağlı (məsələn, icbari sığortalanmanın vəziyyətini yoxlamaq üçün, sənədsiz avtomobillərin çoxalması ehtimalı olduqda və s.) avtomobilləri postlarda saxlamaq lazımdır.
 
Odur ki, əziz sürücülər, qanun və qaydalar hər birimiz üçündür. Qanunlarımızı bilək, qaydalara riayət edək./
 

Google+ WhatsApp ok.ru