Yol polisindən sərxoş sürücü xanımlara sərt xəbərdarlıq

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov “Üç nöqtə” qəzetinə bildirib ki, sərxoş xanım sürücülərin sayı çoxalıb:
 
“Sərxoş sürücülərin müqayisəsini aparanda xanımların da çox olduğunu görürük. Avtomobil idarə etmək bizim xanımlara yaraşır, amma sükan arxasında sərxoş halda avtomobilin idarə edilməsini xanımlarımıza yaraşdırmırıq. Görünür, xanımlarımız sükan arxasında diqqətli olmağın vacibliyini unudurlar. Bu da yaxşı hal deyil. Sərxoş vəziyyətdə avtomobilin idarə edilməsinə qarşı bizim əməkdaşlarımız tərəfindən tez-tez reydlər keçirilir. Arxayın olmasınlar ki, xanımlığından istifadə edərək avtomobili istədikləri kimi idarə edə bilərlər. Ölkədə 40-50 min arası sürücü xanım var. Qanun hər kəs üçündür. Hər bir sürücü «Yol hərəkəti haqqında» qanunun tələblərinə riayət etməlidir. Sükan arxasında qadınlığını unutmalıdır».
 
V.Əsədovun sözlərinə görə, bütün bunlarla yanaşı, spirtli içki qəbul edəndən sonra ayıq sürücü xidmətindən istifadə edənlərin sayı artıb. Lakin bu xidmətdən daha çox kişilər istifadə edirlər: “Xanımların ayıq sürücü xidmətindən istifadə etməsinin şahidi olmamışam. Çünki xanımın içki qəbul etməsini və ayıq sürücü çağırıb “məni evə apar” deməsini hələ də təsəvvür edə bilmirik. Bu, bizim mentalitetimizə yaddır. Saxlanılan sürücü sərxoşluğunun dərəcəsinin yoxlanılması üçün müayinədən keçirsə, utanmadan ayıq sürücü xidmətindən istifadə etməlidir. Amma etmirlər. İlin əvvəlindən bu günə qədər 100-dən artıq xanım sürücü sərxoş halda saxlanılıb”./

Google+ WhatsApp ok.ru