Yol polisinin vurduğu Zığ sakininin vəziyyəti ağırdır

Yol polisinin vurduğu Zığ sakininin vəziyyəti ağırdır

«Xəstəxanada 10 gün zorla saxladılar. Heç bir müalicə eləmədilər. Zarıya-zarıya qalmışdım, bircə qulağım bunu eşidirdi ki, «çıx get, çıx get»».
 
39 yaşlı Balababa Qurbanov Zığ sakinidir. Bu il avqustun 4-də elə Zığda çörək alıb mağazadan çıxarkən, yol polisi tərəfindən xidməti avtomobillə vurulub. Yol polisi avtomobildən düşmədən hadisə yerini tərk etsə də, ərazidə olan tanışlar, qohumlar onu Sabunçu rayonundakı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar. Balababa əvvəlcə hadisənin necə baş verməsini təsvir edir:
 
«ÜSTÜMƏ SÜRDÜ»
 
«Çox yüksək sürətlə gəlirdi. Bir maşını qovurdu. Marketin yanında uşaqlar vardı, onun qarşısına çıxmasaydım, uşaqlar maşın altında qalardı. Onu saxladıb niyə sürətlə hərəkət etdiyini soruşacaqdım. Amma maşını saxlaya bilməyib məni vurdu. Huşumu itirmişdim, bir də ayılanda özümü reanimasiyada gördüm».
 
Balababanın sözlərinə görə,həm reanimasiyada, həm də palataya keçiriləndən sonra qan qusub. Həkimlərsə onun vəziyyətinə qeyri-ciddi yanaşıblar: «Gözləri qarşısında dəfələrlə qan qussam da, məni müayinəyə aparıb bildirdilər ki, «səndə heç nə yoxdur». 10 gün ərzində yalnız reanimasiyada mənə sistem köçürüldü. Palataya köçürüləndən sonra heç bir müalicə aparılmadı. Həkimlər yalnız xəstəxanadan çıxmağımı tələb edirdilər. Mənə də aydın idi ki, xəstəxanada çox qalmamağımdan ötrü onlara tapşırıq gəlib. Çünki orda çox qalsam, müalicələr davam etsə, bu, məni vuran yol polisinin vəziyyətini ağırlaşdıracaq. 10 gündən sonra məni bir günün içərisində tələsik və zorla xəstəxanadan çıxartdılar. Daha doğrusu, elə bil, meyitimi götürüb çölə atdılar».
 
«AĞRILARDAN QOVRULURAM»
 
Canındakı ağrılarla çarəsiz evə qayıdıb. Hələ də qan qusduğunu deyir. Özü özəl xəstəxanalardan birində müayinədən keçib. Deyiblər ki, böyrəyində və sidik kisəsində kapillyarlar partladığından daxili qansızmalar davam edir. Onunsa müalicə almaq imkanı yoxdur. İstəyi də odur ki, hadisəni törətmiş polis serjantı Mehdi Hüseynov müalicəsinə yardım etsin: «Dayısı zəng vurmuşdu, dedim, «vəziyyətim belədir». Dedi, «xəstəxanaya getmə, özümüz gəlib nə köməklik lazımdırsa, edəcəyik». Ancaq hələ də gəlib çıxmayıblar. Qan qusmalarım davam edir, ağrılardan qovruluram, hər gün iynələr vurulur, bədənim keyləşdirilir ki, ağrıları hiss etməyim».
 
Suraxanı rayon Prokurorluğundan AzadlıqRadiosunun «Qaynar xətt»inə bildirilib ki, Balababa Qurbanovun DYP-nin 99 YP 288 nömrə-nişanlı avtomobili tərəfindən vurulması ilə bağlı araşdırma davam edir. Tərəflərin izahatları alınıb və zəruri istintaq hərəkətləri həyata keçirilir.
 
«BİLƏRƏKDƏN DAYANDIRIB»
 
Bakı DYP-nin şöbə rəisi Vaqif Əsədov isə «Xəzər TV»yə açıqlamasında deyib ki, yol polisi narkotik saxladığı ehtimal edilən sürücünün arxasınca düşüb. Zığ sakini isə həmin sürücünün ələ keçməməsindən ötrü özünü Yol Polisi avtomobilinin qarşısına atıb: «Avtomobili idarə edən sürücünün narkotikin təsiri altında olması faktına görə həmin şəxs avtopatrul avtomobilini bilərəkdən dayandırıb. Çox güman ki, onlar öz aralarında razılığa gəliblər və həmin sürücünün gizlənməsinə kömək ediblər».
 
Balababa Qurbanovsa DYP sözçüsünün dedikləri ilə razılaşmır. O, yol polisinin idarə etdiyi avtomobilin qarşısını kəsməkdə məqsədinin ərazidəki insanların təhlükəsizliyini qorumaq olduğunu deyir. (azadliq.org)
 

Google+ WhatsApp ok.ru