Yoxa çıxan jurnalistin meyiti tapıldı

Yoxa çıxan jurnalistin meyiti tapıldı

Öldürülən səudiyyəli jurnalist Camal Qaşıqçının meyiti Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulunun iqamətgahında tapılıb.
 
Maide.Az "Sputnik"ə istinadla xəbər verir ki, bunu Türkiyənin "Vatan" partiyasının rəhbəri Doğu Perinçək "RİA Novosti"yə açıqlamasında deyib.
 
"İstanbul təhlükəsizlik xidmətində olan etibarlı mənbələr mənə bildiriblər ki, Qaşıqçının cəsədi Baş konsulunun iqamətgahının həyətindəki quyunun içərisində tapılıb" — deyə Perinçək bildirib.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanında yüksək rütbəli məmur "Reuters"-ə bildirib ki, jurnalist Camal Qaşıqçının öldürülməsi əvvəlcədən planlaşdırılmayıb. Krallıq rəhbərliyi Qaşıqçını vətənə qayıtmağa inandırmaq üçün Türkiyəyə 15 nəfər göndərib. Görüş zamanı onlar Qaşıqçını təhdid ediblər, ona narkotik vuraraq oğurlayacaqları ilə hədələyiblər.
 
"Jurnalist müqavimət göstərib, onların əllərindən qaçaraq, kömək çağırmağa başlayıb. Bundan sonra casuslar təlaşa düşüblər və Qaşıqçının səsini kəsmək üçün ağzını bağlamağa çalışıblar. Lakin yanlışlıqla onu boğublar" — deyə səudiyyəli yetkili vurğulayıb.
 
Bundan sonra onlar səhvlərini gizlətmək üçün mərhumun cəsədini xalçaya büküb, konsulluq avtomobili ilə diplomatik missiyanın ərazisindən çıxarıb və İstanbulda olan həmyerlilərinə təhvil veriblər. Cinayətin iştirakçılarından biri konsulluq ərazisindən Qaşıqçının paltarında çıxıb. O, bununla da jurnalistin guya səfirlik ərazisini tərk etməsi görüntüsünü yaratmaq istəyib.
 
Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.
 
O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".
 
 
 
Read more: https://sputnik.az/world/20181023/417548162/camal-qasiqcinin-meyiti-tapilib.html

Google+ WhatsApp ok.ru