YOXSULLARA YARDIM BEHİŞTƏ DOĞRU BİR KÖRPÜDÜR!

YOXSULLARA YARDIM BEHİŞTƏ DOĞRU BİR KÖRPÜDÜR!

Əbu Həmzə Sumali imam Səccaddan (ə) belə nəql edir:

مَنْ قَضَى لِأَخِیهِ حَاجَةً فیحاجه الله بها [فَبِحَاجَةِ اللَّهِ بَدَأَ] وَ قَضَى اللَّهُ بِهَا مِائَةَ حَاجَةٍ فِی إِحْدَاهُنَّ الْجَنَّةُ وَ مَنْ نَفَّسَ عَنْ أَخِیهِ کُرْبَةً نَفَّسَ اللَّهُ عَنْهُ کُرْبَةً یَوْمَ الْقِیَامَةِ بَالِغاً مَا بَلَغَتْ ... وَ اللَّهِ لَقَضَاءُ حَاجَتِهِ أَحَبُّ إِلَى اللَّهِ مِنْ صِیَامِ شَهْرَیْنِ مُتَتَابِعَیْنِ بِاعْتِکَافِهِمَا فِی الشَّهْرِ الْحَرَامِ

“Hər kim (din) qardaşının bir hacətini rəva etsə, Allah-Taalanın istəyini rəva etməyə başlayar və Allah-Taala onun bu işinə görə yüz hacət və istəyini, o cümlədən, behişt istəyini rəva edər. Hər kim (din) qardaşının bir qəmini (və çətinliyini) aradan qaldırsa, Allah-Taala onun qiyamət gününün çətinliyini, hətta ağır çətinlik olsa da belə, aradan qaldırar... And olsun Allaha, (din) qardaşının hacətini rəva etmək Allah dərgahında iki ay oruc tutmaq, “haram ay”da ardıcıl “etikaf” saxlamaqdan (gecə gündüz məscidə qalıb oruc tutmaq və ibadət etməkdən) sevimlidir.” (“Səvabul-əmal”, Şeyx Səduq, səh.146; “Vəsailuş-şiə”, 16-cı cild, səh.343.)

Cəmiyyətin məhrum və yoxsul təbəqəsinə yardım etmək, sözsüz ki, insani və əxlaqi bir rəftar hesab edilir və İslam dinində də bu məsələ xüsusi təkidlə vurğulanır, əbədi axirət evinə imanın möhkəmliyinin göstəricidir. Başqa sözlə, məad, axirət, qiyamət və hesab-kitaba etiqadı güclü olanın cəmiyyətə yardımı da xalisanə və sadiqanə olacaqdır. Təəssüf ki, bəzən bu gözəl şüardan sui-istifadə edilir, ad-san və şöhrət qazanmaq məqsədi güdülür. Bir halda ki, Allah yolunda xərc etməkdə özününümayiş deyil, məhz Onun razılığını qazanmaq, qiyamət gününə iman və saleh əməl məqsədi izlənilməlidir.

Qurani-Kərimin “Loğman” surəsinin 4-cü ayəsində bu haqda buyurulur:

تِلْكَ آيَاتُ الْكِتَابِ الْحَكِيمِ؛ هُدًى وَرَحْمَةً لِّلْمُحْسِنِينَ؛ الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُم بِالْآخِرَةِ هُمْ يُوقِنُونَ؛ أُوْلَئِكَ عَلَى هُدًى مِّن رَّبِّهِمْ وَأُوْلَئِكَ هُمُ الْمُفْلِحُونَ

“Bu hikmətli Kitabın (Quranın) ayələridir. (O Quran) yaxşı əməl sahiblərinə hidayət və rəhmətdir. O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar. Onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar da onlardır!”

Göründüyü kimi, axirət aləminə həqiqi imanı olanlar möhtaclara əl tutmağa laqeyd yanaşmır və yaxşı bilirlər ki, bu məsələyə laqeyd yanaşdıqda, sabah – qiyamətdə cəza çəkəcəklər.

Qeyd etməliyik ki, əksər hallarda insanların bir-birinə yaxşılığı və əl tutması həmkarlıq xarakteri daşıyır və bu, öz növbəsində bəyənilən bir iş olsa da, adətən, intizar və gözləntilərə cavab verilmədikdə, qarşı tərəfə göstərilən yardım ya dayandırılır, ya da minnətlə sonuclanır... Bu da insanın məad və qiyamətə etiqadının zəifliyindən qaynaqlanır.

Şübhəsiz, axirət aləminə iman gətirən kəs yaxşı bilir ki, Allahın ona əta etdiyi mal-dövləti elə axirət üçün zəxirə etməlidir. Necə ki, “Bəqərə” surəsinin 254-cü ayəsində belə buyurulur:

يا أَيُّهَا الَّذينَ آمَنُوا أَنْفِقُوا مِمَّا رَزَقْناكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ يَوْمٌ لا بَيْعٌ فيهِ وَ لا خُلَّةٌ؛

Ey iman gətirənlər, nə alış-verişin, nə də dostluq və şəfaətin olmayacağı gün gəlməmişdən qabaq sizə ruzi olaraq verdiklərimizdən (Allah yolunda) xərcləyin...”

Bir gün gələcək ki, insan öz yaxınlarını atıb qaçacaq, onu yalnız özü və öz əməlləri maraqlandıracaq, yalqız və yalqız qalacaq. “Əbəsə” surəsinin 33-41-ci ayələrində bu haqda buyurulur:

فَإِذَا جَاءتِ الصَّاخَّةُ؛ يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ؛ وَأُمِّهِ وَأَبِيهِ؛ وَصَاحِبَتِهِ وَبَنِيهِ؛ لِكُلِّ امْرِئٍ مِّنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ؛ وُجُوهٌ يَوْمَئِذٍ مُّسْفِرَةٌ؛ ضَاحِكَةٌ مُّسْتَبْشِرَةٌ؛ وَوُجُوهٌ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌ؛ تَرْهَقُهَا قَتَرَةٌ؛

“Nəhayət, qulaqları kar edən (o dəətli səs) gələndə (İsrafil surunu çalanda); O gün insan qaçacaq öz qardaşından; anasından, atasından; zövcəsindən və oğullarından! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır). O gün bir çox üzlər parlayacaq, güləcək, sevinəcəkdir. O gün bir çox üzlərə isə toz-torpaq qonacaq, onları zülmət bürüyəcəkdir...”

Bəli, belə bir gündə insanın dadına çatacaq və onun nicatına səbəb olacaq işlər yoxsullara əta olunan xalisanə yardımlar və yaxşılıqlardır! Əməl və rəftarları, yardım və yaxşılıqları xalisanə olmayanlar “Bəqərə” surəsinin 264-cü ayəsinə şamil olacaqlar:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُبْطِلُواْ صَدَقَاتِكُم بِالْمَنِّ وَالأذَى كَالَّذِي يُنفِقُ مَالَهُ رِئَاء النَّاسِ وَلاَ يُؤْمِنُ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ فَمَثَلُهُ كَمَثَلِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًا لاَّ يَقْدِرُونَ عَلَى شَيْءٍ مِّمَّا كَسَبُواْ؛

Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya (saf daşa) bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar...”

Peyğəmbəri-Əkrəmdən (ə) nəql olunan bir hədisə əsasən, işlərini Allahdan qeyrisinə, riya və özününümayiş məqsədilə yerinə yetirənlərə qiyamət günü belə deyiləcək: “Get, işlərinin əvəzini özünü göstərdiyin şəxsdən al!” (“Mustədrəkul-vəsail və mustənbitul-məsail”, 1-ci cild, səh.107.)

Ayədən də açıq-aydın başa düşülür ki, yoxsullara yardım məsələsində riyakarlıq edən, ad-san qazanmaq və özünü xalqa göstərmək xatirinə sədəqə verən şəxsin Allaha və qiyamət gününə həqiqi imanı yoxdur. Qiyamət günü yalnız həqiqi iman və etiqaddan qaynaqlanan əməllər qəbul olunacaq. Ümid edirik ki, bizim əməllərimiz, məxsusən məhrum təbəqəyə yardımlarımız Allaha həqiqi imanımızdan qaynaqlanır və qiyamət günü üçün zəxirə olunur!

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru