Yumurtanın qiyməti artıb

Yumurtanın qiyməti artıb

Paytaxt bazarlarında toyuq yumurtasının qiyməti artıb. 14 qəpikdən başlayır.
 
Mövsümi tərəvəzlərin də qiymətində bahalaşma var. Məlumatı “Turan”a satıcılar verib. Bildiriblər ki, bahalaşma mövsümi tərəvəzlərin çıxması ilə bağlıdır: “Hansi ki, onların bişirilməsində yumurtaya ehtiyac olur. Badımcan, yaşıl lobya və s.”. 
 
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov isə düşünür ki, hazırkı mövsümdə yumurtanın qiyməti bahalaşmamalı, əksinə, ucuzlaşmalı idi. Çünki gün uzun olduğundan toyuqlar daha çox qidalanır və hər gün yumurta verirlər: 
 
“Ümumiyyətlə, Azərbaycanda istehsal olunan yumurtanın 60 faizi fabrik şəraitində, süni işıqlanmadan alınır. Bu isə azdır, ildə təxminən 240-250 ədəd yumurta istehsal edirlər. Bu baxımdan hazırkı mövsümdə yumurtanın qiyməti kəskin şəkildə enməliydi".
 
Vahid Məhərrəmov deyir ki, bir müddət əvvəl yumurtanın qiymətinin kəskin enməsi inzibati üsulla həyata keçirildi. İkinci amil isə xaricdən gətirilən yumurtanın yerli məhsul adıyla satılması idi: 
 
“Azərbaycanda yumurtanın qiymətinin baha olmasının səbəbi istehsal vasitələrinin xaricdən gətirilməsidir. Bütün texnoloji avadanlıqlar, hətta genetik materiallar da idxal olunur. Məsələn, cücə gətirilir, burada saxlanılır və ondan yumurta əldə edilir. Heç olmasa yem komponentlərini özümüz istehsal etsəydik, qiymətdə bu qədər artım olmazdı. Çoxlu sayda dən bitkiləri var ki, onların istehsalı ucuz başa gəlsə, qiymətə təsir edə bilər. Bu gün yumurtanın maya dəyərində 65-70 faiz yemin qiyməti oturub. Yaxşı, texnoloji avadanlıq istehsal edə bilmirik, heç olmasa yem komponentlərini istehsal edə bilsək, yumurtanın qiyməti digər ölkələrdəki qiymətlərdən az fərqlənər. 5 il əvvəl dövlət başçısı İlham Əliyev keçirdiyi müşavirədə bu problemi xatırlatsa da, dəyişiklik olmadı”. Vahid Məhərrəmov deyir ki, buna səbəb kənd təsərrüfatı sahəsinə qeyri-peşəkarların rəhbərlik etməsidir: 
 
“Təkcə yumurta yox, quş ətinin də qiyməti yüksəkdir. Yumurtanın qiyməti isə ona görə diqqət mərkəzindədir ki, tez-tez alınır. Amma Azərbaycanda qonşu ölkələrlə müqayisədə quş ətinin qiyməti 40 faiz yüksəkdir. Nədənsə media bu məsələyə diqqət göstərmir. Əsas problem ölkənin istehsal vasitələrini ərsəyə gətirə bilməməsidir. Halbuki, yem komponentlərini, genetik materialları özümüz istehsal edə bilərik. Neft istehsal edən ölkədə qazın, enerjinin qiyməti ucuz olmalıdır ki, bu cür məhsulların istehsalına təsir etsin". (meydantv)
 

Google+ WhatsApp ok.ru