Yunanıstanda tətil səbəbindən nəqliyyat iflic olub

Yunanıstanda tətil səbəbindən nəqliyyat iflic olub

Yunanıstanda əmək qanunlarının islahatı planına, o cümlədən İnkişaf və Sərmayə Nazirliyinin hazırladığı “avtobus qanunu”na qarşı ötən gün özəl sektorun həmkarlar ittifaqları tərəfindən 24 saatlıq ümumi tətil elan edilib.

“Report” GTP-yə istinadən xəbər verir ki, tətil çərçivəsində bu gün paytaxt Afinada metro, avtobus nəqliyyatı və bərələr işləmir.

Belə ki, metro işçilərinin həmkarlar ittifaqı SELMA paytaxt metrosunun 2-ci və 3-cü xətlərinin çərşənbə axşamı günü 24 saat, cümə axşamı isə saat 12:00-dan 15:00-dək işləməyəcəyini açıqlayıb.

Həmçinin paytaxtda Afina Şəhər Nəqliyyatı Təşkilatına məxsus avtobusların, həmçinin trolleybusların səhərdən axşamadək çalışacağı bildirilib. Ölkə boyu bərə nəqliyyatının da fəaliyyəti dayandırılıb.

Tətildə həmçinin bank, təhsil, media işçiləri də iştirak edirlər.

Qeyd edək ki, nəzərdə tutulan islahatlara görə, tətil elan etmə qaydaları dəyişdiriləcək, kollektiv əmək müqavilələri müəyyən şərait yarandıqda dəyişdirilə biləcək, həmkarlar ittifaqlarının qeydiyyatı da daha çox nəzarət olunmaları şərtlərilə aparılacaq. Belə ki, yeni qaydaya görə, tətil yalnız həmkarların yarıdan çoxunun dəstəklənməsi nəticəsində elan edilə biləcək.

Google+ WhatsApp ok.ru