YUNİCEF Yəməndə kolera ilə bağlı həyəcan təbili çalır

YUNİCEF Yəməndə kolera ilə bağlı həyəcan təbili çalır

-- Yəməndə qeydiyyatda olan 60 min xərçəng xəstəsinin 12 faizi uşaqlardır

2015-ci ildən Səudiyyə Ərəbistanının rəhbərliyindəki koalisiya qüvvələrinin təcavüzünə məruz qalan Yəməndə kütləvi xəstəliklər hökm sürməkdədir.
 
Maide.Az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, aclıq və susuzluğun yaşandığı, səhiyyə xidmətinin çökdürüldüyü Yəməndə son 2 ildə 1 milyondan çox insan Kolera virusuna yoluxub.
 
Bu xəstəlik səbəbindən 2266 nəfər dünyasını dəyişib.
 
Hazırda Kolera virusunun 28 milyon nəfər əhalisi olan Yəmən ərazisinin 92%-nə yayıldığı bildirilir.
 
2017-ci ilin aprelindən bu günə qədər 15 yaşa kimi 1,7 milyona yaxın uşaq peyvənd olunub. YUNİCEF təcili tədbirlər görülməyəcəyi təqdirdə ölkədə virusların daha ağır fəsadlar törədə biləcəyi barədə xəbərdarlıq edib.
 
Həmçinin, məlumatda Yəməndə infeksiya xəstəlikləri və ciddi müalicəyə ehtiyacı olan xərçəng xəstələrinin vəziyyəti haqqında da xəbərdarlıq olunub. Bildirilib ki, ötən il təxminən 10 min xərçəng xəstəsinin müalicə aldığı Yəməndə durum belə davam edərsə, 2018-ci ildə 30 min yeni xərçəng xəstəsinin olması ehtimal olunur.  
 
Yəməndə xərçəng xəstələrinin yarısı heç bir müalicə ala bilmir. Qeyd olunur ki, Yəməndə  qeydiyyatda olan 60 min xərçəng xəstəsinin 12 faizi uşaqlardır.
 
 

 

Google+ WhatsApp ok.ru