İyunun 16-da keçirilmiş buraxılış imtahanının nəticələri yaxın günlərdə elan ediləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da Xocavənd, İmişli, Füzuli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
 
TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, 9-cu sinif şagirdləri üçün imtahan saat 10-da başlayıb və 2 saat ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15-də başlayıb və 2 saat 45 dəqiqə müddətində aparılıb.
 
İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.
 
Bütün mərkəzlərdə şagirdlər üçün normal imtahan şəraiti yaradılıb və proses təlimata uyğun aparılıb. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır.
 
Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Google+ WhatsApp ok.ru