Yuxusuz insanın beyni özünü `yeyir`

Yuxusuz insanın beyni özünü `yeyir`

"The İndependent" yazır ki, ötən il açıqlanmış bir hesabat britaniyalıların 80 faizinin yuxudan doymadığını aşkarlamışdı. Bu da deyilirdi ki, yuxudan daha çox məhrum olanlar həkimlər və müəllimlərdir.
 
Qeyd olunurdu ki, adamların doyunca yuxu almaması Birləşmiş Krallığın iqtisadiyyatına ildə 40 milyard funt sterlinq ziyan vurur.
 
Bəzi admalar daha az saatlarda yatmaqları ilə öyünürlər.
 
Yuxu Şurasının son məlumatlarına görə isə britaniyalıların 74 faizi normal 7 saatdan daha az yatır. Bu arada beş saatdan az yatanların sayı da 7 faizdən 12 faizə yüksəlib.
 
Bu ilin əvvəllərində İtaliyada aparılmış bir elmi təcrübə göstərmişdi ki, yuxudan məhrum olanlarda beyin hüceyrələri beyin sinapslarının bir hissəsini "yeyə" bilir.
 
Sinapslar və ya bağlayıcı düyünlər ulduzşəkilli beyin hüceyrələridir və onlar astrosit adlanır. Bu hüceyrələrin əsas funksiyası işlənib sıradan çıxmış hüceyrələri beyindən xaric etməkdir. Lakin yuxudan məhrum edilmiş siçanlar üzərində aparılmış təcrübə göstərib ki, astrositlər ifrat yükləndiyindən beynin əlaqə düyünləri qırılmağa başlayıb.
 
Təcrübəni aparan alim Michele Bellesi New Scientist jurnalına deyib ki, burada söhbət sözün əsl mənasında beynin yeyilməsindən gedir.
 
Başqa təcrübələr isə yuxudan məhrum olanların daha əsəbi olduqlarını aşkar edib. İnsanın emosiyalarını beyindəki badamcıq cismi tənzimləyir. Təcrübə göstərib ki, kifayət qədər yatmayanlarda bu orqan normal halındakından 60 faiz daha çox fəal olur və bu da insanın kəskin reaksiyalarına yol açır.
 
Beynin yuxusuzluqdan təsirlənən daha bir hissəsi hippokampusdur.
 
Bircə gecə yuxusuz qalmaq kifayətdir ki, yaddaşın saxlanmasına cavabdeh olan hippokampus bundan ciddi şəkildə ziyan çəksin.
 
Beləliklə, beynin yuxusuzluqdan təsirlənməyən hissəsi demək olar ki, yoxdur.(bbc)
 

Google+ WhatsApp ok.ru