Yüzlərlə ölkə vətəndaşı Dağıstan sərhədində ağır şəraitdə ölkəyə keçməyi gözləyir

Yüzlərlə ölkə vətəndaşı Dağıstan sərhədində ağır şəraitdə ölkəyə keçməyi gözləyir

 Vətənə qayıtmağı gözləyən yüzlərlə Azərbaycan vətəndaşı Dağıstan sərhədində ağır şəraitdə qalmaqda davam edir.
 
Onlardan birinin - Asim Tağıyevin Turan-a verdiyi məlumata görə, bir aydır insanlar Maqaramkent rayonunun Kullar qəsəbəsi yaxınlığında faktiki olaraq səhra şəraitində yaşayırlar.
 
"Biz faktiki olaraq küçədə qalmışıq. Əvvəlcə sellofan və əlimizin altında olan digər vasitələrdən çadırlar qurmuşduq. Amma sonra Rusiya FHN burada çadır düşərgəsi saldı. Gündüz bura dözülməz dərəcədə isti olur, çadırların yaxınlığında dörd ilan öldürmüşük. Yeməyə arpa yarması, qarabaşaq verirlər. Çoxumuzun pulu qurtarıb. Burada çimməyə imkan yoxdur", deyə Tağıyev bildirib.
 
Onun sözlərinə görə, qadınları, uşaqları, yaşlıları və xəstələri artıq Azərbaycana buraxıblar. Mayın 19-da və 26-da 120 və 131 nəfərlik iki qrup ölkəyə keçib. Eyni zamanda, Kullar yaxınlığında 400-500 nəfər qalıb.
 
Çadırlarda yer çatmır. Çox vaxt insanlar avtomobillərdə və ya sadəcə olaraq küçədə qalırlar. Bəziləri maşın yuma yerlərində, tikintisi başa çatmamış binalarda sığınacaq tapıblar.
 
Vətəndaşların növbəti qrupunun Azərbaycana nə vaxt buraxılacağı haqqında suala cavabda Tağıyev deyib: "Bizə dəqiq heç nə demirlər. Mayın 28-də Azərbaycanlı məmurlar gəldilər, uzaqdan çadırlara baxdılar və bizə heç nə demədən geri getdilər".
 
Mayın 27-də Rusiya FHN başçısının müavini Pavel Barışev Azərbaycanlıların müvəqqəti yerləşdirildiyi məntəqəyə baş çəkib. O, vətəndaşlarla söhbət edib, düşərgədə onların yaşadıqları şəraitlə tanış olub, bu barədə Dərbənd rayon administrasiyası İnstagram səhifəsində məlumat yayıb.
 
Barışev Azərbaycan vətəndaşları üçün əlavə şərait yaratmağı və çadırların sayını artırmağı vəd edib, deyə məlumatda qeyd edilir.
 
Azərbaycan hakimiyyəti ətraflı şərh vermir, yalnız vətəndaşların ölkəyə qaytarılmasının qrafikə uyğun olaraq və hər iki ölkənin profilli dövlət orqanlarının sıx qarşılıqlı fəaliyyəti çərçivəsində həyata keçirildiyini bəyan edir. /contact.az /
 
 

Google+ WhatsApp ok.ru