Zərdabda İB başçısının birinci müavininin oğlu atasının `torbasını necə tikdi`...

Bu ilin martın sonunda Zərdab rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad olunan Allahverdi Səfərovun işdən çıxarılmasının əsl səbəbləri bəlli olub.
 
A.Səfərovun içkiyə meylli oğlu Ceyhun Səfərov Zərdab rayon Polis Şöbəsinin yüksəkrütbəli zabitlərindən birinin üzərinə maşın sürüb.
 
Polis zabiti içkili vəziyyətdə avtomobili idarə edən C.Səfərovun əlindən çətinliklə xilas ola bilib. Bundan sonra rayon polis şöbəsinin rəisi Allahverdi Səfərova zəng edərək, oğlunun hərəkətləri haqqında ona xəbər verib.
 
Əvvələr narkoman olan, sonradan isə narkotikanı tərgidərək, içkiyə hədsiz meylli olan oğlunun əlindən bezən A.Səfərov baş vermiş hadisənin nəticəsini fikirləşməyərək, polis rəisinə, "ona 5 sutka verin, ağlı başına gəlsin", deyib.
 
Əsl qalmaqal da bundan sonra yaşanıb.  Ceyhun Səfərov inzibati qaydada cəza vermək üçün Zərdab rayon Məhkəməsinə aparılıb. Məhkəmənin qərarı ilə C.Səfərova 5 sutka inzibati qaydada həbs cəzası verildikdən bir qədər sonra informasiya mediayaya sızıb. Bundan sonra isə martın 31-də A.Səfərovun işdən azad olunması gündəmə gəlib və o, tutduğu vəzifədən azad olunub.
 
Qeyd edək ki, Allahverdi Səfərov uzun müddət Zərdab rayonunda rəhbər vəzifələrdə çalışıb. Vəzifədə olduğu dövrdə Zərdab əhalisi tərəfindən yaxşı xarakteristika olunmayıb. Xüsusilə də rayonda yaşayan sahibkarlar və dindar təbəqə onun fəaliyyətindən narazılıq edirlər. (avropa.info)

Google+ WhatsApp ok.ru