Zəlzələdən zərər çəkənlər çadırda gecələyiblər

Sentyabrın 3-də Şəkidə baş verən güclü zəlzələ 2 kənddə dağıntı törədib. Rayonun Bolludərə və Qaratorpaq kəndində bəzi ailələr gecəni çadırda keçiriblər.
 
Bu barədə Bolludərə kənd bələdiyyəsinin sədri Mehman Rəcəbov bildirib.
 
Onun sözlərinə görə bəzi evlərin divarları dağılıb, kənddəki uşaq bağçası tamamilə yararsız hala düşüb. Kənddəki iki məktəb binasına da ciddi ziyan dəyib.
 
Bundan başqa Taxıl anbarı qəzalı vəziyyətə düşüb.
 
Mehman Rəcəbov bildirib ki, kənddəki bəzi evlər yararsız hala düşdüyündən Fövqaladə Hallar Nazirliyinin əməkdaşları gecələmək üçün həmin sakinlərə çadırlar paylanacaq.
 
Həmçinin Qaratorpaq kəndində də evlərə ciddi ziyan dəydiyi bildirilir.
 
Bu kənddə də evlərinə ciddi ziyan dəymiş sakinlərə çadırlar paylanacağı bildirilir.
 
Bundan başqa kənddəki uşaq bağçası ilə seçki məntəqəsi yararsız vəziyyətə düşüb.
 
Bunu ANS-ə Mehman Rəcəbov deyib.
 
Onun sözlərinə görə, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və FHN-in yüksək vəzifəli şəxsləri bu kəndlərə baş çəkərək, müvafiq tapşırıqlar verib, zərər çəkən evlər qeydiyyata alınıb.
 
Amma "Azadlıq Radiosu" kənd sakinləri ilə əlaqə saxlamaq istəsə də, bu mümkün olmayıb.
 
Dünən səhər yerli vaxtla saat 09:49 radələrində Şəkidə 7 bal gücündə zəlzələ olub.
 
Bu Şəki və ətraf rayonlarda 6-5 bal gücündə hiss olunub.
 
Zəlzələ Şəki ilə yanaşı Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən və digər ətraf rayonlarda da hiss edilib.

Google+ WhatsApp ok.ru