ZƏNCİRVARI BAHALAŞAMA

ZƏNCİRVARI BAHALAŞAMA

Azadliq.info-da «Əhalini var-yoxdan çıxaracaq bahalaşmaya start verilib» sərlövhəli məqalə oxumaq olar. Yazıda iqtisadçı Nemət Əliyevin ölkədə baş verən son qiymət artımına dair fikirlərinə yer verilib.
 
Müəllif yazır ki, Tarif Şurasının noyabrın 28-də enerjidaşıyıcıların və bəzi dərmanların qiymətlərinin artırılması ilə bağlı qərarı manatın get-gedə dəyərdən düşməsinin nəticəsidir.
 
Yazıda vurğulanır ki, bahalaşma bununla bitmir. Müəllifin fikrincə, bahalaşma zəncirvarı qaydada bundan sonra da davam edəcək.
 
Nemət Əliyev qəzetə deyib ki, növbəti bahalaşma dalğasından artıq qaçmaq mümkün deyil: «Bu qərarın təsiri ilə elektrik enerjisindən, təbii qazdan, reaktiv yanacaqdan, soba mazutundan istifadə edən bütün istehsal, xidmət, iaşə sahələrində məhsulun maya dəyəri yüksələcək və qiymətlər bahalaşacaq. Qida məhsullarının, içkilərin, tütün məmulatlarının, tikiş, geyim, toxuculuq, kimya və metallurgiya sənayesi məhsullarının qiymətlərində gözəgəlimli bahalaşma baş verəcək».
 
İqtisadçının fikrincə, enerjidaşıyıcıların bahalaşdırılması əhalinin alıcılıq qabiliyyətini bir az da aşağı salacaq. Nəticədə istehsal və xidmət sahələrində iqtisadi fəallıq aşağı düşəcək: «Maya dəyərinin yüksəlməsi daxili və xarici bazarlarda yerli malların rəqabət qabiliyyətini zəiflədəcək. Deməli, yerli mallar həm daxili, həm də xarici bazarlardan sıxışdırılacaq. Yəni, qeyri-neft sektorunda itkilərimiz böyüyəcək. Odur ki, iş yerlərinin ixtisarı, yoxsulluğun artması qaçılmazdır».
 
İqtisadçı vurğulayıb ki, bahalıq işsizlik və yoxsulluqla qonşudur. /

Google+ WhatsApp ok.ru