Zavod yeməkxanasına sığınan qaçqınların qaz problemi var

Zavod yeməkxanasına sığınan qaçqınların qaz problemi var

Bərdə rayonundakı pambıq zavodunun yeməkxanasında məskunlaşan məcburi köçkünlər çıxılmaz durumdadırlar. Binaya qaz çəkilməməsi səbəbindən otaqlar elektrik sobaları ilə qızdırılır. Nəticədə işıq xətləri yüklənərək sıradan çıxır, günlərlə işıq verilmir.
Qaçqınlar binaya qaz çəkilməsi üçün Bərdə Rayon İcra Hakimiyyətinə, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə, "Azəriqaz" İstehsalat Birliyinə müraciət ediblər. Lakin onların problemləri ilə maraqlanan və tədbir görən yoxdur.
 
"Xalça fabrikində məskunlaşan qaçqınlar Bərdədəki 588 saylı qəsəbəyə köçürüldülər. Məlum oldu ki, bizim məskunlaşdığımız bina bir nəfər tərəfindən özəlləşdirilib. "Qaçqınkom"dan dedilər ki, bina özəl olduğundan sizin köçürülməyiniz dayandırılıb", - bunu virtualaz.org saytına ünvanlandığı müraciətində məcburi köçkün Sevinc Yusif qızı Orucova deyib.
 
Məcburi köçkünlər bildirirlər ki, otaqlara istilik sobası qoyulub. "Döşəmə, divarlar betondur, elektrik sobası ilə isitmək mümkün deyil. Üstəlik yeməyi, çayı da elektriklə hazırlayırıq. Elektrik xətləri sıradan çıxır, hər an yanğın ola biləcəyindən qorxuruq. Bərdə Rayon İcra Hakimiyyətindən deyirlər ki, bina dövlət mülkiyyətində olmadığından qaz çəkilə bilməz. Dövlət Qaz Nəzarəti İdarəsindən deyiblər ki, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən vəsait ayrılacağı halda qaz xətti çəkilə bilər. Komitə isə vəsait verməkdən imtina edir", - şikayətçilər bildiriblər.
 
"Azəriqaz" İstehsalat Birliyi qeyri-yaşayış sahələri hesab edilən binalara da qaz xəttinin çəkilməsinin mümkünlüyünü bildirib. Qaçqınlar deyirlər ki, Komitə vəsait ödəməkdən imtina etdiyindən problemin həlli mümkün olmur: "Nəmişlikdən otaqların divarlarından su damır. Qapı-pəncərəni taxta ilə qapatsaq da, otağı isidə bilmirik. Bizə deyirlər ki, imkanlı şəxslərdən yardım istəyin, pul versinlər, qaz xətti çəkək. Rayonda müraciət etmədiyimiz qurum, imkanlı şəxs qalmayıb, amma yardım göstərən yoxdur. Hələ qış gəlməyib, amma otaqda palto ilə otururuq".
 
Bərdə Rayon İcra Hakimiyyətindən virtualaz.org-a dedilər ki, qaçqınların yaşadığı əraziyə qaz çəkilməsi üçün binanın sahibi tərəfindən müraciət olmalıdır. Komitəyə gəlincə, oradan vəsaitin köçürülüb-köçürülməyəcəyi ilə bağlı sualımıza "bilmirik" cavabını verməklə kifayətləndilər.
 
Qarşıdan isə şaxtalı qış gəlir...
 
 

Google+ WhatsApp ok.ru