Zay olan mıəhsul

Zay olan mıəhsul

"Marja.az"da "Fındıq bağları suyun altında qalıb, lildən məhsul yığmaq mümkün deyil" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif avqust ayında yağan yağışların Zaqatala rayonunun bir sıra kəndlərində şəxsi təsərrüfatlara və aqrar sektora vurdğu ziyanı rəsmi şəxslərlə və kənd sakinləri ilə araşdırır.
 
"Hadisə Vöhtala, Höytala, Danaçı, Maqov, Muxax, Zəyəm, Çobankol, Lahıc, Bəhmətli və digər kəndlərdə ciddi problemlərə yol açmışdı. Vöhtala və Höytala inzibati ərazisində vəziyyət daha acınacaqlı idi. Burada insanların bir qismi təbii fəlakət zonasında qalmış, digər tərəfdən də sel suları artıq sakinlərin həyətyanı sahələri bir yana, evlərinə də çatmışdı". Bunu rayon fövqəladə hallar komissiyasının sədri Tofiq Əhmədov sayta bildirib.
 
T.Əhmədovun sözlərinə görə, görülmüş tədbirlər nəticəsində həyətlərə və həyətyanı sahələrə dolan sel suları çəkilir, kəndlərdə həyat tədricən öz axarına düşür.
 
Yolayıcı kəndinin sakini Yunis Eminov deyir ki, bu kənddə 200 ev təsərrüfatı həyətlərə su dolduğundan zərər görüb, zərər görməyən ailə yoxdur.
 
Kənd sakini deyir ki, bu dəfə dağlarda baş verən sürüşmələr çayın yatağının qum və çınqılla daha çox dolmasına səbəb oldu: "Vəziyyətdən çıxış yolu isə ya böyük vəsait hesabına bəndin tikilməsi, yaxud da çayın yatağının qazılıb kənara atılması ola bilər. Təkcə bu il üçüncü dəfədir ki, kənd sel təhlükəsi ilə üzləşir".
 
Kənd sakinin sözlərinə görə, narahatlıq doğuran bir məsələ də budur ki, lilin daha çox yığıldığı ərazilərin sonrakı uzun illər ərzində torpağın istismarında problemlər yaranır, bir növ, səhralaşma baş verir: "Konkret olaraq 1983-cü ildə belə hallar yaşanan ərazilərdə torpağın yenidən məhsuldarlığa düşməsi üçün 10 ildən çox vaxt tələb olundu".
 
Sakinlər bildirir ki, topladıqları 300 kiloqram yay fndığının yarıdan çoxunu sel aparıb, üstəlik təsərrüfat üçün tələb edilən avadanlıqlar, fındıq bağları lilin altında qalıb.
 
Kənd sakini Musa Diqayev deyir ki,ərazidə dizə qədər çıxan lil var. O qurumayınca sahəyə girmək mümkün deyil: "Havalar tam quraq keçərsə, aylarla vaxt lazım gələcək. Fındıq isə gözləmir. Ağacdan düşən məhsul lilin içində məhv olur.
 
Müəllif deyir ki, kənd sakinlərini daha çox qayğılandıran ilk növbədə, fındıq bağlarıdır və deyirlər ki, fındıq bu ərazidə yaşayan insanların çörək ağacıdır.
 
Onlar deyirlər ki, məhsul tökülüb gedir, sahəyə də girmək mümkün deyil, kartof, soğan, lobya və s. tərəvəzlər haqqında isə heç danışmağa dəyməz.(contact.az)
 

Google+ WhatsApp ok.ru