İzdivacda vasitəçilik

İzdivacda vasitəçilik

Allah-Taala qadının yaradılışını və ər-arvad arasında sevgi, məhəbbət və mehribançılığı, Özünün əzəmət və qüdrətinin nişanələrindən hesab edir və Qurani-Kərimdə buyurur:

وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَاجًا لِّتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُم مَّوَدَّةً وَرَحْمَةً إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ

“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” (“Rum” surəsi, ayə 21)

Ailə qurmaq həyatın zəruri məsələsi, insanın təbii ehtiyacı, onun şad-xürrəmliyinə səbəb və Allah-Taalanın yanında sevimli, bəyənilmiş bir işdir. Allah Rəsulu (s) buyurur: “Allah-Taala yanında izdivacla abad olmuş ev kimi sevimli bir şey yoxdur.” (“Vəsailuş-şiə”, Hürr Amuli, 14/3.)

İzdivac Peyğəmbərimizin (s) sünnəsidir. O həzrət (s) evlənmək istəməyən səhabəsi Osman bin Məzunun sinəsinə əlini vuraraq buyurdu: “Mənim sünnəmdən kənara çıxma ki, hər kəs mənim yolumdan üz döndərərsə, qiyamət günü mələklər onun yolunu kəsərək cənnətə gedən yoldan kənara çıxaracaqlar.” (“Mustədrəkul-vəsail”, Mühəddis Nuri, 14/15.)

Peyğəmbərin (s) bu sünnəsinin həyatda öz yerini tapması və onu övlad üçün həyata keçirmək, birinci növbədə atanın öhdəsinə qoyulmuşdur.

Ata övladının evlənməsi üçün lazımi şəraiti yaratmalı və övladı üçün layiqli həyat yoldaşı seçməlidir. Buna rəğmən, İslam ümmətinin hər bir fərdi bu mühüm məsələdə məsuliyyət daşıyır. Çünki yaşadığımız cəmiyyətdə bir çox gənclər vardır ki, ata nemətindən məhrumdur və ya ailəsinin buna maddi imkanı çatmır və bu məsələdə irəliyə doğru bir addım belə ata bilmirlər. Belə olan halda, hər bir kəsin borcudur ki, pulu, sözü və vasitəçiliyi ilə iki gənci bir-birilə tanış edib, onların evlənməsi üçün lazım olan şəraiti yaratsın.

Həzrət Peyğəmbərimiz (s) buyurur: “Hər kəs mömin bir kişi və qadının evlənməsində vasitəçilik etsə və onların evlənməsinə səbəb olsa, bu yolda atdığı hər bir addıma və bu işin baş tutması üçün dediyi hər bir sözə Allah-Taala bir ilin ibadətinin savabını verəcəkdir. Hər kəs müsəlman qardaşını evləndirsə, qiyamət günü Allah-Taalanın ərşinin kölgəsində istirahət edəcəkdir.” (“Vəsailuş-şiə”, Hürr Amuli, 14/25.)

Buna görə də, yaxşı olardı ki, xeyriyyəçi və imkanlı insanlar öhdələrinə düşən bu mühüm vəzifəni layiqincə yerinə yetirib həm xalqın, həm Peyğəmbərin (s), həm də Allah-Taalanın sevgi və razılığını qazansınlar. (“Əxlaq dər xanevade”, Seyid Əliəkbər Hüseyni, səh.72, məqalə 15).

Mirməhəmməd Bəşir (Maide.az)

 

Google+ WhatsApp ok.ru